24 Dekabr 2024, Çərşənbə axşamı

Hərb tariximizdə xatırlanmağa layiq olan hərbçi Kəngərli süvarilərindən biri də Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanskidir. Yazımızın əvvəlində qeyd edək ki, 1800-cü ildən sonra Naxçıvan xanlığına, həmçinin quberniya dövrünə aid sənədlərdə 3 Ehsan xanın adına rast gəlinir. Bunlardan birincisi Ehsan xan I Kalbalı xan oğludur, ikincisi general-mayor II Kalbalı xan Naxçıvanskinin oğlu Ehsan xan, üçüncüsü isə Cəfərqulu xanın oğlu podpolkovnik Ehsan xandır.
1990-cı ildən sonra yazılan bir sıra kitablarda bunların fəaliyyəti qarışdırıldığından, birinin fəaliyyəti o birisinin adına yazıldığından qərara aldıq ki, I Kalbalı xandan sonrakı adları şərti olaraq I Ehsan xan, II Ehsan xan və III Ehsan xan kimi təqdim edək. I Kalbalı xanın atasının da adı Ehsan xandır. Azərbaycan və Rusiya hərb tarixində hər üç Ehsan xanın böyük xidmətləri olduğundan onlar haqqında doğru-dürüst məlumat verməyimiz əsas məqsədimizdir.

Rusiya Dövlət Hərb Tarixi Arxivinin 400-cü fondundakı sənədlərdən aydın olur ki, II Ehsan xan 14 iyul 1855-ci ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Ailədə üçüncü övlad olsa da, oğlanların ən böyüyü olan II Ehsan xan 12 yaşınadək Naxçıvanda təhsil almış, 1867-ci il iyulun 31-də Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. 3 sentyabr 1868-ci ildən 31 may 1873-cü ilədək Paj korpusunda təhsil almışdır. O, Paj korpusunu əla qiymətlərlə bitirmiş və birinci dərəcə almışdır. Qeyd edək ki, o, atasından sonra ikinci azərbaycanlıdır ki, Paj korpusunda oxumuşdur.
10 sentyabr 1873-cü ildə II Ehsan xan Əlahəzrət çarın Sankt-Peterburqdakı Ulan (nizəli süvari əsgər) polkunun saray qvardiyasının korneti (süvari hissədə kiçik zabit) olmuşdur. II Ehsan xana 4 aprel 1876-cı ildən poruçik (zabit) rütbəsi verilmişdir. 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi başlayanda onu Qafqaza ezam edirlər. Bu, 23 aprel 1877-ci ilə təsadüf edir. II Ehsan xanı Kobuleti dəstəsinə qəbul edirlər. Bu dəstəyə general-leytenant Oklobjio komandirlik edirdi. Onun dəstəsi o vaxtlar türklərin liman şəhəri Batum üzərinə hücuma hazırlaşırdı. II Ehsan xanın atası, əmisi, əmisi oğlu və kürəkənləri də müharibədə iştirak edirdilər. 16 may 1877-ci ildə Sameba yüksəkliyinə hücum vaxtı Kintrişi çayının ətrafinda gedən şiddətli döyüşlərdə II Ehsan xan sol çiynindən yaralanır. Bu döyüşdə göstərdiyi hünərə görə 22 yaşlı zabit IV dərəcəli “Müqəddəs Vladimir ordeni” ilə  (bantla və qılınclarla birlikdə) təltif olunur. O, ağır yaralansa da, yürüşdə axıradək iştirak edir.
1877-ci ilin iyul ayında Naxçıvandakı evlərində – xan sarayında ancaq əmisi Rəhim xan qalmışdı. Əmisi İsmayıl xan ağır Bəyazid döyüşlərindən sonra İrəvan yaxınlığındakı Dərəçiçəkdə müalicə olunurdu. Kontuziya almış əmisi oğlu Aman xan isə Tiflisdəki hərbi xəstəxanada həkimlərin nəzarətində idi. Rusiya ordusunda “Uçan qartal” adlandırılan atası II Kalbalı xan xanlıq dövründə babası I Kalbalı xana məxsus olan Kulpı kəndində xüsusi dəstəyə təlim verirdi.
II Ehsan xanın qardaşları Cəfərqulu xan və Hüseyn xan Peterburqdakı Paj korpusunda təhsil alırdılar. Qardaşı Rəhim xanın 17 yaşı olmasına baxmayaraq, o da könüllü surətdə cəbhəyə getmişdir. Avqust ayında 18-ci draqun (xüsusi süvari qoşun) Pereyaslavski polkunda hərbi xidmətə başlayan Rəhim xan da tezliklə unter-zabit rütbəsi ilə mükafatlandırılır. 1877-ci il avqustun 3-də çarın saray Ulan polku Peterburqdan Nikolayevskiyə yola düşür. II Ehsan xan Ulan polkuna xidmətə qayıtmaq üçün böyük knyaz Mixail Nikolayevskiyə ərizə göndərir. Xahiş edir ki, onun Ulan polkuna dəyişilməsinə icazə versin. Noyabr ayının 3-də icazə alan II Ehsan xan yubanmadan Balkanlarda – Bolqarıstanda olan süvari dostlarının yanına hərbi xidmətə yola düşür. O, Ulan polkunun tərkibində Balkanlarda aparılan döyüşlərin hamısında iştirak edir. San-Stefan sülh müqaviləsindən sonra onun xidmət etdiyi polk sərhəd məsələlərini qaydaya salmaq işlərində yaxından iştirak edir. At üstündə nizə ilə döyüşməyi sevən II Ehsan xan 16 aprel 1878-ci ildə ştabs-rotmistr (süvari zabiti) hərbi rütbəsi alır. Ulan polku Rusiyaya yola düşən ərəfədə II Ehsan xanı təsadüfi bir səhvinə görə Ulan polkundan kənarlaşdırırlar.
O, 1879-cu ilin 11 oktyabrında süvari ordunun mayoru kimi hərbi xidmətini davam etdirir. Həmin ilin 12 oktyabrında o, baş qərargahın Nikolayevski Akademiyasına daxil olur. Amma 1880-ci ilin 28 noya­brında öz arzusu ilə general M.D.Skobelevin Axal-təkəyə yürüşə hazırlaşan ekspedisiyasına ezamiyyətə göndərilir. Qeyd edək ki, 1880-ci ilədək II Ehsan xan Rusiya imperiyasının bir çox ali hərbi ordenlərinin kavaleri idi. 3 iyul 1878-ci ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni (bantla və qılınclarla birlikdə), 9 iyul 1878-ci ildə üzərində “İgidliyə görə” yazılan 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni, 11 iyun 1879-cu ildə “Rumıniyanın Dəmir Xaçı” ilə təltif edilən II Ehsan xanın 24 yaşı vardı.
1881-ci ilin 28 noyabrında II Ehsan xan Abşeron polkunun 3-cü və 4-cü batalyonlarına komandir təyin edilir. O, Göytəpə ətrafında gedən döyüşlərdə qardaşı Cəfərqulu xanla birlikdə vuruşmuşdur.
Türkmənistanda qədim oğuz nəsillərindən biri – təkinlər Rusiya   ordusuna qarşı vuruşur və təslim olmurdular.
Ən qanlı döyüş 12 yanvar 1881-ci ildə baş verir. II Ehsan xanı hücum vaxtı qala divarından düşən daş ağır yaralayır.
II Ehsan xanın komandirlik etdiyi batalyonlar Krasnovodska geri qaytarılanda o, Təkin xanının yetim, kimsəsiz qalmış 2 yaşlı oğlunu oğulluğa götürüb özü ilə Dağıstana aparır.
II Ehsan xan oğlanın adını Məhəmməd, familiyasını isə Təkinski yazdırır. Naxçıvanskilərin xan sarayında öz övladları kimi tərbiyə edilən və oxudulan Məhəmməd xan Təkinski 1918-1920-ci illərdə Azərbaycanın ən fəal və vətənpərvər diplomatlarından biri olmuşdur. Bu haqda 2009-cu ildə “Şərq qapısı”nın 23 aprel nömrəsində ətraflı bəhs etmişik. Məhəmməd xan 1879-cu ildə Axal-təkədə anadan olmuşdur. O, sənədlərdə “Məhəmməd xan Ehsan xan oğlu” kimi qeydə alınmışdır. II Ehsan xanın vəfatından sonra qardaşları Rəhim xan və Cəfərqulu xan Məhəmməd xanı qəyyumluğa götürmüş və onu Tiflisdə birinci kişi gimnaziyasında və Novorossiysk Universitetində oxutmuşlar. 1918-ci ilədək Məhəmməd xan Şimali Qafqazda işləmişdir. Bəzi arxiv sənədlərindən aydın olur ki, o, Naxçıvanskilərlə birlikdə hərbi xidmətdə də olmuşdur. 1917-ci ilin martında Rəhim xanın oğlu İskəndər xanla və Cəfərqulu xanın oğlu III Kalbalı xanla birlikdə Avarıstanın qarlı dağlarından Gürcüstana, oradan isə Naxçıvana gəlmişdir.
Sonralar onun Azərbaycan Xalq Cümhuriyyətində diplomatik fəaliyyəti başlanır. Azərbaycanın taleyüklü günlərində onun fəaliyyəti diplomatiyamızın qızıl bir səhifəsidir desək, heç də səhv etmərik. Onun təhsil aldığı illəri, diplomatik fəaliyyətini dərindən araşdırsaq, görərik ki, Məhəmməd xanın Vətən qarşısında xidmətləri böyükdür. O da naxçıvanlıdır, bu qədim oğuz yurdunun yetirməsidir. Məhəmməd xanın həyatını və fəaliyyətini araşdırdıqca, öyrəndikcə xan Naxçıvanski­lərin ziyalı ucalığına heyran qalmaya bilmirsən. Axal-təkədəki Göytəpə ilə Naxçıvanı dostluq, qardaşlıq körpüsü birləşdirir. Naxçıvanın Kəngərli xanları ilə Göytəpənin Təkin xanlarının bu mənəvi qardaşlıq körpüsü 1881-ci ildə qoyulmuşdur. Taleyə bax ki, Təkin süvariləri də son anadək Naxçıvanın Kəngərli süvariləri kimi içdikləri anda sadiq qalmışlar. Bunlar hər ikisi qədim türk tayfası olan oğuzlara mənsubdurlar.
II Ehsan xan 15 fevral 1884-cü ildən 1 iyun 1887-ci ilədək Gürcüstanda 16-cı qrenader (seçmə əsgərlər) minqrel polkunda hərbi xidmətini davam etdirir. 6 may 1884-cü ildə ona podpolkovnik rütbəsi verilir. 1887-ci ildə xəstəliyi ilə əlaqədar olaraq istefaya göndərilir. O, istefaya çıxanda polkovnik hərbi rütbəsini almışdı. Onu Tiflisdə həkim Maçavarianinin evində saxlayıb müalicə etdirirlər. Amma Göytəpədə başından aldığı zədə onun həyatına son qoyur. O, təxminən, 1894-cü ildə vəfat etmişdir. Qardaşları Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan əmiləri və ağsaqqalları süvari generalı İsmayıl xanın rəhbərliyi ilə onun cənazəsini gətirib Naxçıvandakı İmamzadə kompleksindəki Xan sərdabəsində dəfn etmişlər.

Qədim əsatirlərə görə, döyüşçülərin məzarları olmur və onları anaları ağlamır. Ancaq uğrunda döyüşdükləri vətən onlara əbədi zəfər laylası oxuyur. Həyatdan gənc ikən getmiş igid süvari döyüşçü polkovnik II Ehsan xan da belə döyüşçülərdəndir.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR