“AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun ötən illərdə apardığı elmi-tədqiqat işləri imkan verir ki, bu elmi-tədqiqat institutu tədqiqat sahələrini daha da genişləndirsin”. Bunu institutun hesabat yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov görülən işlər haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2013-cü tədqiqat ilində plana uyğun olaraq, institutda 27 mərhələdə 11 iş yerinə yetirilib. Elmi- tədqiqat işi ilə 27 nəfər, o cümlədən bir nəfər AMEA-nın müxbir üzvü, bir nəfər biologiya elmləri doktoru, bir nəfər aqrar elmlər doktoru, 12 nəfər biologiya üzrə fəlsəfə doktoru, bir nəfər baytarlıq üzrə fəlsəfə doktoru, 6 nəfər kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, bir nəfər kimya üzrə fəlsəfə doktoru, 4 nəfər isə dissertant məşğul olub.
Tədqiqat ilində Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 120 elmi əsər – 7 monoqrafiya, 2 kitab, bir metodik vəsait, 110 elmi məqalə çap edilib ki, bunlardan 2 monoqrafiya, 9 məqalə, 20 konfrans materialı xaricdə işıq üzü görüb.
Sonra AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri çıxış edərək hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda əldə edilən nəticələr təqdirəlayiq hesab olunub.
Xəbərlər şöbəsi