Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” elmi konfransı universitetin rektoru, dosent Elbrus İsayev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, diyarımız əsl intibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib və bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.
Tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli-mənəvi dəyərlər” adlı çıxışında vurğulayıb ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Universitetin İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadə “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına dövlət qayğısı” adlı çıxışında qeyd edib ki, ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə olduğu kimi, muxtar respublikada da uğurla həyata keçirilir.
Universitetin İqtisadiyyat kafedrasının müəllimi Elşən Nəsirov “Naxçıvanda azad iqtisadı zonanın yaradılması perspektivləri” adlı çıxışında bildirib ki, ölkəmizdə bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində azad iqtisadi zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır.
Konfrans bölmə iclasları ilə davam edib.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi