Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri ilə görüş olub.
Tədbiri giriş sözü ilə Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamiliklə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq ötən dövr ərzində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin öyrənilməsi, qiymətləndirilməsi, istifadə olunması və bu sahədə kadr hazırlığı”, “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanması məsələləri ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birlikdə seminar-müşavirələr keçirilib. Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi və Geologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin praktik bilik və təcrübələrinin artırılması məqsədilə tədbirlər reallaşdırılıb.
Qeyd olunub ki, bu il noyabrın 16-dan dekabrın 30-dək olan müddətdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri nazirlikdə və aidiyyəti qurumlarda istehsalat təcrübəsi keçiblər. Belə ki, istehsalat təcrübəsi dövründə tələbələr Su Təmizləyici Qurğular Kompleksində, sement, daş məhsulları, eləcə də digər istehsal müəssisələrində olub, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinə, Duzdağ Fizioterapiya Mərkəzinə və Şahbuz Dövlət Təbiət Qoruğuna da ekskursiya ediblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti