Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim dini, tarixi, mədəni və təbiət abidələri, ərazidə 250-yə yaxın mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu, muxtar respublikamızda sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafı üçün əlverişli şərait yaradır. Yaradılmış şərait muxtar respublikamıza gələn turistlərin mənalı istirahətini təşkil etməyə imkan verir və turistlərin sayının ilbəil artmasına öz müsbət təsirini göstərir.
Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat verib.
Sonda suallar cavablandırılıb, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.
Xəbərlər şöbəsi
* * *
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquqşünaslıq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin nazirlikdə keçdikləri təcrübə kursu nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində yekunlaşıb.
Tələbələr praktik olaraq mərkəzdə aparılan ekspertizaların keçirilməsini müşahidə edib, tədqiqatların aparılması üçün nəzərdə tutulan avadanlıqlarla tanış olublar.
Dünən mərkəzdə təcrübənin bitməsi ilə əlaqədar tələbələrlə görüş keçirilib. Görüş zamanı ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə ekspertizasının tarixi inkişaf yolundan bəhs edilib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışılıb.
Sonra tələbələr mərkəzin ekspertlərinin təqdimatında “Kriminalistik eyniləşmə nəzəriyyəsinin inkişaf tarixi”ndən bəhs edən videoçarxa baxıblar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti