22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin və Ərzincan Binəli Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan əlaqələri: müasir tarix və perspektivlər” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Vətən müharibəsi zamanı türkiyəli qardaşlarımızın bizə dəstəyi unudulmaz tarixdir.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə çıxışına başlayan Ərzincan Binəli Yıldırım Universitetinin rektoru, professor Levent Akın Azərbaycan ilə Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığından və möhkəmliyindən danışıb.
Daha sonra Ərzincan Binəli Yıldırım Universitetinin müəllimi, professor Salim Gökçenin “Türkiyənin İkinci Qarabağ savaşındakı yeri və müasir anlamda “Bir millet-iki dövlət”anlayışı”, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, dosent Eldar Aslanovun “Regional geosiyasi qütbləşmələr və Türkiyə Azərbaycan əlaqələri”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin prorektoru, dosent Hüseyn Bağırsoylunun “Azərbaycan-Türkiyə əlaqələrində Naxçıvan faktoru”, AMEA Naxçıvan Bölməsinin Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı. Cənubi Qafqaz və geosiyasi həmlələr”, “Naxçıvan” Universitetinin Tarix kafedrasının müdiri, dosent Mehman Şabanovun “Türkiyənin Naxçıvana baxışı və Türk qapısı Naxçıvan” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasda nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Mustafa Kamal Atatürkün Naxçıvanı “Türkün qapısı” adlandırması bu bölgənin strateji əhəmiyyətinin bariz nümunəsidir. Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması, qardaş Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcək. Muxtar respublikanın turizm potensialından, eləcə də təbii ehtiyatlarından səmərəli istifadə regionun sosial-iqtisadi inkişafına bundan sonra da əlverişli zəmin yaradacaq.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR