Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasları üzrə IV kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
Burada bələdçi tərəfindən tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəzin əsas vəzifələri biznesin təşkili, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin təşkili, sahibkarlara metodiki köməkliyin göstərilməsi, muxtar respublikada istehsal olunan məhsulların sərgisinin təşkili, həmçinin xalq yaradıcılığı sahələrinin təbliği və inkişafına nail olmaqdır.
Qeyd olunub ki, sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 95 sənaye müəssisəsi tərəfindən istehsal olunan 289 adda məhsulun, eləcə də 118 çeşiddə ailə təsərrüfatları məhsullarının sərgisi həyata keçirilir. Sonra tələbələr mərkəzdə sərgi və satışı təşkil olunan xalq yaradıcılığı nümunələri və rəsm əsasərləri, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı sahələrinin xəritəsi ilə tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mehparə MƏMMƏDOVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Naziriyi
Elmi-Tədqiqat Tədris Mərkəzinin
elmi işçisi