“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müvafiq sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Sonra universitet kitabxanasının müdiri Zamin Babazadənin, tələbələrdən İmmi Orucovanın, Sevinc İsmayılzadənin və Kənan Quliyevin kitabla bağlı məruzələri dinlənilib.
Bildirilib ki, XV əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan “Hökmdar” əsəri bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Əsər dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilib. Makiavelli sözügedən əsərdə səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edib.
Seyfur Hacımuradov