Tarixin bütün dövrlərini əks etdirən abidələrlə zəngin olduğuna görə Şəruru təbii arxeoloji muzey adlandırmaq olar. Bu “muzeyə” daxil olan arxeoloji abidələr Arpaçay vadisi boyu maraqlı bir qanunauyğunluqla düzülmüş və uzaq Daş dövrünü əks etdirən Qazma mağarasından başlayaraq Eneolit, Tunc, Dəmir dövrləri, Antik dövr də daxil olmaqla, uzun bir yol keçməklə Naxçıvanda məskunlaşmış qədim tayfaların möhtəşəm maddi-mədəniyyət nümunələrini torpağın dərin qatlarında mühafizə etmişdir. Arpaçay vadisində Ovçular təpəsi, Ərəbyengicə, Xələc, Oğlanqala, Qızqala, Şortəpə, Yaycı nekropolu, Dizə nekropolu və digər unikal abidələr vardır.
Sovetlər dönəmində unutdurulmağa çalışılan bu abidələrin üzə çıxarılması və dərindən araşdırılması müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. XXI əsrin əvvəllərindən başlayaraq bu proses daha intensiv xarakter almışdır.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası təşkil edilmişdir. Arpaçay vadisinin monumental abidələrindən olan Ərəbyengicə yaşayış yeri bu il yenidən tədqiqat obyektinə çevrilmişdir.
Arpaçayın Araza töküldüyü yerdən bir qədər aralıda yerləşən Ərəbyengicə yaşayış yeri təqribən 0,8 hektar sahəni əhatə edir. Vaxtı ilə burada arxeoloji qazıntılar aparılmış (1984-1986-cı illərdə və 2008-ci ildə A.Q.Seyidov, V.B.Baxşəliyev tərəfindən) və Erkən Tunc dövrünə aid dən daşları, sürtgəc və keramikadan ibarət olan xeyli yerüstü material toplanmışdır. Lakin sonralar burada tədqiqatlar davam etdirilməmişdir.
2013-cü ilin sentyabr-oktyabr aylarında AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından ibarət olan arxeoloji ekspedisiya Ərəbyengicə yaşayış yerində yeni arxeoloji qazıntılar aparmış, Erkən Tunc dövrünə aid tapıntılar əldə etmişdir. Abidənin tapıntıları, əsasən, Erkən Tunc dövrünü əks etdirən keramika, sümük, dairəvi və düzbucaqlı tikili qalıqları, ocaq yerləri, dairəvi və dördkünc formalı manqallar, əmək alətlərindən ibarətdir. Tədqiqat zamanı həmçinin Orta Tunc dövrünə aid qəbir abidələri də aşkara çıxarılmışdır.
Arxeoloji qazıntı zamanı əldə edilən materiallar AMEA Naxçıvan Bölməsinin Arxeologiya və etnoqrafiya muzeyinə təhvil verilmişdir. Əksəriyyəti keramika nümunələrindən, həmçinin sümüklər, əmək alətləri, ocaq qurğularından ibarət olan bu tapıntılar yeni elmi nəticələrin üzə çıxarılmasına stimul vermişdir.
Ərəbyengicədə aparılan yeni qazıntıların materiallarının təhlili bu abidənin tarixləndirilməsinə yeni prizmadan baxılmasını zəruri edir. Budəfəki arxeoloji qazıntılar əvvəlki arxeoloji tədqiqatlardan fərqli olaraq, bu abidənin yalnız Eneolit və Erkən Tunc dövrünü deyil, eyni zamanda Orta Tunc dövrünü də özündə birləşdirdiyini sübuta yetirmişdir. Buradan tapılan qəbirlər və bəzi keramika nümunələri bu fikri təsdiq edə bilər.
Tədqiqatlar eyni zamanda Kür-Araz arxitekturası haqqında olan mülahizələrə də yeni yanaşma tərzini ortaya qoyur. Son Eneolit və Erkən Tunc dövrlərində yarımdairəvi tikililərlə yanaşı, düzbucaqlı tikililərin də geniş yayılması bu abidənin timsalında öz təsdiqini tapmış olur. Bu ərazidə tədqiqatların davam etdirilməsi qədim Naxçıvan diyarının, o cümlədən onun qərb hissəsini təşkil edən Arpaçay vadisinin tədqiqində yeni səhifələr aça bilər.
Ərəbyengicədə aparılan tədqiqatların elmi əhəmiyyətindən başqa, mənəvi-psixoloji təsiri də böyükdür. Belə ki, əvvəllər bəzi abidələrin talançılıq məqsədilə dağıdılması cəhdləri tədricən tariximizə, arxeoloji qazıntılara olan maraqla, onların qorunması ilə əvəz edilir. Kənd sakinlərinin, demək olar ki, hər gün abidə ilə maraqlanması, məktəblilərin dərsdən sonra bura gəlməsi, hətta bəzi valideynlərin öz övladının arxeoloq olmasını arzu etməsi burada aparılan tədqiqatların uğurlarından sayıla bilər. Çünki yaşadığı bölgənin torpaq altında yatan tarixini və bunu üzə çıxaran arxeoloqların xidmətini gözləri ilə görən yerli əhali yaddaşlarında qalmış bəzi lazımlı informasiyaları çatdırmaqla əllərindən gəldiyi qədər yardımçı olmağa can atırdılar.
Zeynəb QULİYEVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru