Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyətlər yetişdirməkdir. İlkin vətənpərvərlik hissinin aşılanması isə müxtəlif üsullarla – şagirdlərə vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və sair vasitələrlə öyrədilir. Gənclərin çağırışaqədərki hazırlığı fənninin bu işdə böyük əhəmiyyət daşıdığını da vurğulamaq lazımdır. Bu fənn öz məzmunu etibarilə şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.
Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət adamlarının şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli sərəncamlar məktəblilərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikamızda gənclər arasında Vətənə məhəbbət hissi çox yüksəkdir. Bu da onunla bağlıdır ki, muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılır, qədim və zəngin tarixi mədəniyyəti özündə yaşadan yurd yerlərimizə, tarixi abidələrimizə ekskursiyalar təşkil olunur. Hərbi idman oyunları, atıcılıq turnirləri, özünümüdafiə ilə bağlı tədbirlər keçirilir.
Son dövrlər məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılıb. Hərbi kabinələrin maddi-texniki bazalarının gücləndirilməsi, hərbi rəhbərlərin hər il Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində təlimlərə cəlb edilməsi, onlara rütbələrin verilməsi, Hərbi Liseyə təşkil edilən açıq qapı günləri şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Bunun bariz ifadəsidir ki, 2020-ci ildə muxtar respublikanın 164 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün ötən illə müqayisədə 11 faiz çox olmaqla, 498 şagird sənəd verib, onlardan 220-si kursant adını qazanıb.
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar məşğələlərdə də aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəblərimizdə vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə təşkilinin ifadəsidir ki, 30 ildir, düşmən tapdağında olan torpaqlarımızın azad edilməsində naxçıvanlı gənclərdə böyük qəhrəmanlıqlar göstərdilər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə
baş məsləhətçisi