Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Sevindirici haldır ki, layihənin iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilib və 1-ci yerə layiq görülüb. Onun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Bununla yanaşı, Beynəlxalq müsabiqələrdə 2 layihə I, 1 layihə II, 3 layihə isə III yerlərə layiq görülüb.
“Sabahın tədqiqatçıları” layihəsinin qısa müddət ərzində əldə etdiyi uğurlarla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən layihənin 1 illik fəaliyyətini özündə əks etdirən albom-kataloq hazırlanıb.
Nazir qeyd edib ki, bu il “Sabahın tədqiqatçıları” layihəsində iştirak edəcək 50 şagird 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaq.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, ötən il təsis konfransı keçirilən layihəyə Naxçıvan şəhərində fəaliyyət göstərən 17 orta məktəbdən 50 şagird cəlb edilib. Bölmənin müvafiq institutlarından onlara 27 rəhbər təyin edilib. Layihələrdən 20-si belnəlxalq və respublika səviyyəli tədbirlərə çıxarılıb, mətbuatda işıqlandırılıb. 4-ü beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə uğur qazanıb, medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülüb.
Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Qorxmaz Hüseynovun, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılovun çıxışları dinlənilib.
Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2019-2020-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunmuş sərgiyə baxış keçirilib, iştirakçılara layihənin albom-kataloqu hədiyyə olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti