Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər… Ona görə, ilk növbədə, bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq – bunlar ölkəmizi qabağa aparacaqdır”.
Məhz buna görə Şərur rayonundakı məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur düşmən Kərki kəndi istisna olmaqla, muxtar respublikamızdan bir qarış da olsun, torpaq qopara bilmədi. Sədərək döyüşlərində 61 nəfər şərurlu döyüşçü şəhid oldu. Bütövlükdə isə Qarabağ müharibəsində igidlik göstərdiklərinə görə üç nəfər şərurlu – Məhərrəm Seyidov, Kərim Kərimov, Səyavuş Həsənov Milli Qəhrəman adına layiq görüldü. Onların xatirəsi hər yerdə əziz tutulur.
Azərbaycan Respublikasının əməkdar müəllimi, Muğanlı kənd tam orta məktəbinin direktoru İsa Hüseynov deyir ki, neçə ildir, rayon Təhsil Şöbəsi hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı geniş tədbirlər planı həyata keçirir. Orta məktəblərdə fiziki və mənəvi cəhətdən xüsusi fərqlənən şagirdlər seçilir və onların ali hərbi məktəblərə və liseylərə hazırlanması üçün əməli işlər aparılır. Bu sahədə 2 nömrəli Şərur şəhər, İbadulla, Yengicə, Dəmirçi, Tumaslı, Püsyan, Çərçiboğan kənd tam orta məktəbləri xüsusilə fərqlənirlər. Rayonun hər bir sakini torpaqlarımızın düşməndən azad olunması üçün daha bilikli, daha səriştəli kadrların vacibliyini çox yaxşı bilir. Təqdirəlayiq haldır ki, bu yurdun gənc nəsli hərbi məktəblərə və liseylərə böyük maraq göstərir. Təkcə bu il Şərurdan 56 nəfər ali hərbi məktəblərə və liseylərə qəbul olunub. Ümumiyyətlə, hazırda rayonun 250-dən çox məzunu müxtəlif ali hərbi məktəblərdə və liseylərdə oxuyur.
Rayon Təhsil Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yaqub Tağıyev dedi ki, ümumən biliklərin dərindən öyrənilməsi ilə yanaşı, hərbi sahədə yetkinliyin artırılması üçün gənclərlə fərdi iş aparılır. Hər hansı pedaqoji kollektivin fəaliyyətinə qiymət verərkən bir sıra digər keyfiyyətlərlə yanaşı, ilk növbədə, hərbi vətənpərvərlik tərbiyəsi nəzərə alınır.
Gənclərdə Vətənin müdafiəsinə, hərb sənətinə marağın artırılması üçün Gənclər və İdman İdarəsi ilə birgə sistemli surətdə tədbirlər həyata keçirilir. Gənclər Günü və digər bayramlarla əlaqədar olaraq ali hərbi məktəblərə hazırlaşan şagirdlər arasında turnirlər təşkil olunur, fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilir.
“Cəsurlar” və “Şahin” hərbi-idman oyunlarının, habelə “Vətənin müdafiəsinə hazırıq” idman yarışının keçirilməsi ənənə şəklini alıb. Qaliblərə xatirə hədiyyələri, fəxri fərmanlar təqdim olunur.
Oktyabrın 25-də gənclərin vətənpərvərlik tərbiyəsinin, onların ali hərbi məktəblərə və liseylərə hazırlanmasının vəziyyəti rayon üzrə ətraflı təhlil edilib və yekunlar Təhsil Şöbəsində geniş müzakirə olunaraq yerlərdə bu işin daha da canlandırılması üçün konkret vəzifələr müəyyənləşdirilib.
Y.Tağıyev deyir ki, Azərbaycan müharibə şəraitində olduğu üçün ölkəyə cəsur və peşəkar hərbçilər gərəkdir. Ona görə də biz çoxcəhətli təlim-tərbiyə sahəsində daim bu mühüm məsələyə xüsusi üstünlük veririk. Məktəblərimizdə müstəqil ölkəmizin yeni nəsli, Vətənin fəal müdafiəçiləri yetişir. Biz həmişə gənclərə çox mühüm bir fikri təlqin etməyə çalışırıq: Vətən cəsurları sevir. Bu gün belə mərd, mübariz insanlara çox böyük ehtiyac vardır.
Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycan xalqı humanist və sülhpərvər xalqdır. Torpaqlarının 20 faizi erməni işğalçıları tərəfindən zəbt edilsə də, bir milyondan artıq qaçqını, köçkünü olsa da, xalqımız müharibəni torpaqları azad etmək üçün son variant sayır. Bu, bizim xalqımızın alicənablığından, başqalarının torpaqlarında gözü olmamasından irəli gəlir. Ancaq düşmən, hələ ki, öz məkrli niyyətindən, qəsbkar xislətindən əl çəkmək istəmir. Belə olan tərzdə Azərbaycan Prezidentinin və xalqımızın birmənalı şəkildə yekdilliklə qəbul etdiyi sonuncu variant – müharibə variantı gündəmə gəlir. Azərbaycan kimi güclü bir dövlət üçün müharibə etmək, aclıqdan və səfalətdən dizləri bükülməkdə olan Ermənistanın işğalçı qüvvələrini zəbt etdiyi torpaqlardan çıxarmaq elə də çətin məsələ deyil! Bütün bu fikirlər Şərurda yeniyetmələrə, gənclərə dərindən mənimsədilir.
Cəfər ƏLİYEV