Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Universitetlə tanışlıq zamanı qonaqlara ali məktəbin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, beynəlxalq əlaqələri barədə məlumat verilib.
Universitet kollektivi ilə keçirilən görüşü Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açaraq ölkədə ali təhsil strukturunun inkişafı, dünya təhsil sisteminə birgə inteqrasiya baxımından Azərbaycanın regionlarındakı ali təhsil müəssisələri arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın Naxçıvan Dövlət Universitetində mütəxəssis hazırlığı baxımından faydalı olacağına əminliyini bildirib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, Naxçıvan Dövlət Universitetində yaradılan şərait və təhsilin səviyyəsi, burada formalaşmış güclü kadr potensialı haqqında xoş təəssüratlarını bölüşüb. Qeyd olunub ki, 85 illik tarixə malik Azərbaycan Dövlət Aqrar Universitetində Aqronomluq, Aqrotexnologiya, Zoobaytarlıq və əmtəəşünaslıq, İnformasiya texnologiyaları, Aqromühəndislik və energetika, İqtisadiyyat fakültələrində müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Rektor 500-ə yaxın professor-müəllim heyətinin çalışdığı, 5000-ə yaxın tələbə kontingentinə, müxtəlif Avropa universitetləri ilə beynəlxalq əməkdaşlığa malik bu ali məktəbin Naxçıvan Dövlət Universiteti ilə də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Sonra tələbə mobilliyi, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Xəbərlər şöbəsi