AMEA Naxçıvan Bölməsində aparılan tədqiqatların səmərəliliyini daha da artırmaq, elmi təqdimatlar zamanı texniki vasitələrdən fəal şəkildə istifadə diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Noyabrın 26-da bölmənin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Seolitlər (qaynayan daşlar) haqqında” elmi seminarı da informasiya texnologiyalarından və elektron lövhədən istifadə olunmaqla keçirilib. Seminarda gənc tədqiqatçının Kimya Problemləri İnstitutunun Quruluş-kimya laboratoriyasında seolit daşlarla bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verilib. Eyni zamanda Naxçıvan ərazisindəki seolit tərkibli yataqlar, onların sənaye əhəmiyyətindən danışılıb.
Elmi seminarda iştirak edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu tip seminarların informasiya texnologiyalarından fəal şəkildə istifadə edilməklə keçirilməsinin əhəmiyyətindən danışıb.
Seminarda bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar İnstitutunun direktor müavini Bayram Rzayev çıxış ediblər.
Qeyd edək ki, bölmədə elektron lövhədən istifadə etməklə təşkil edilən ilk elmi seminar bu ilin oktyabr ayında Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Mirhəsən Tahirovun elmi seminarı olub.
Xəbərlər şöbəsi