Qısqanclıq bu dövləti dağıtmağa çalışan zəlzələdir
Hər hansı elmi və ya bədii əsər cəmiyyətin inkişafına, elmi nəticələrin insan həyatının yaxşılaşmasına, iqtisadi və ya mənəvi inkişafına az da olmuş olsa, kömək edirsə, insanların həyatı dərk etməsinə istiqamət verirsə, o əsər təqdirəlayiqdir.
Son dövrlər professor Oruc Həsənlinin bir-birinin ardınca çap etdirdiyi əsərlər öz elmi və bədii dəyərinə görə cəmiyyətə xidmət edən əsərlərdəndir. Onun artıq oxucu marağına səbəb olan “Sirli dünya: məhəbbət” əsərinin ardınca bu günlərdə “Sirli dünya: qısqanclıq” kitabı işıq üzü görmüşdür. Kitabın oxucuda oyatdığı ilk təəssürat nədən ibarətdir? Nəyə görə “Sirli dünya?”
Müəllif “Sirli dünya: qısqanclıq” əsərində araşdırılması vacib olan bir psixoloji hadisəyə – qısqanclıq probleminə münasibət bildirməklə həyatda baş verən bir çox xoşagəlməz hadisələrin sonunda “Niyə belə oldu?” sualının cavabının məhz yersiz və əndazədən artıq qısqanclıq olduğunu diqqətə çatdırır. O göstərir ki, “canlı aləmdə müəyyən qrup törəmələrin xarici təsirlərə, cismani dəyişmələrə cavabvermə qabiliyyəti mövcuddur ki, buna “qısqanclıq” deyilir. Qısqanclıq geniş anlayışdır. Bu təkcə qarşı cinslərin bir-birinə qarşı münasibətlərindən doğan bir dəyər deyildir. Eyni zamanda insanların bir-birinin həyat tərzinə, münasibətinə, dostluğuna, düşmənçiliyinə və sair münasibətlərinə təsir edən bir dəyərdir”.
Kitabda psixoloji hadisə olan qısqanclıq müxtəlif istiqamətlərdən, müxtəlif aspektdən araşdırılmışdır. Kitabın “Qısqanclığın davranışdakı qabarıq təzahür formaları”, “Qısqanclığı yaradan əsas səbəblər”, “Bütün hisslərdən üstün qısqanclıq”, “Ailədə qısqanclıq”, “İslam dini və qısqanclıq”, “Qısqanclığın sağlamlığa təsiri”, “Qısqanclıq dostumuzdur, yoxsa düşmənimiz?” və sair bölmələrində müəllif gündəlik həyatda baş verən qısqanclıq hadisələrinə psixoloji baxımdan yanaşmış, qısqanclığı həyat həqiqətlərinə yanlış münasibətin forması kimi təqdim etmişdir.
Müəllif “qısqanclığın təyini testi” bölməsində və sonrakı bölmələrdə qısqanclığı doğuran səbəbləri və bu səbəblərin aradan qaldırılması yolları ilə bağlı sorğuların keçirilməsini, test tapşırıqlarının cavablandırılmasında əldə olunan nəticələrin göz önünə alınmasının vacibliyini bildirir.
Professor Oruc Həsənli kitabda daha çox qısqanclığı doğuran səbəblərə və onun aradan qaldırılmasında tərəflərin – ərlə arvadın, nişanlı oğlanla qızın, yenicə tanış olmuş, lakin hələ aralarındakı bağlılığın sevgiyə, məhəbbətə çevrilmədiyi bir dövrdə insanların mövqelərinin təyin olunması məsələsinə və qısqanclığın törədə biləcəyi fəsadlara toxunur, bu haqda geniş izah verir. Kitabda daha çox “sədaqətsizlik”, “vəfasızlıq” kimi ifadələrin işlədilməsinin törətdiyi acı nəticələr həyati misallarla izah olunur, “inam”, “etibar” kimi ifadələrin beyinlərə həkk olunmasının vacibliyi qeyd edilir.
Ümumilikdə, “Sirli dünya: qısqanclıq” kitabı müəllifin qeyd etdiyi kimi: “Bugünkü ailə və cəmiyyət, sosial mühit, ailə və uşaq tərbiyəsi, cəmiyyət və gənclərin probleminin, bəzən isə əsassız qısqanclıq hisslərinin fəsad verməsi, onların araşdırılması, düzgün yollarının üzə çıxarılması zərurətindən yazılmışdır”.
Bu kitab valideynlər, tərbiyəçilər, məktəb psixoloqları, hər bir ailə üzvü və yeniyetmələr, ələlxüsus gənc ailələr üçün çox faydalı ola bilər.
Həsənəli EYVAZLI
filologiya üzrə fəlsəfə doktoru