Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Nuh yurdu” intellektual oyununun yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib. 18 komandanın iştirakı ilə keçirilən intellekt yarışında muxtar respublikanın hər rayonundan 2, Naxçıvan şəhərindən isə 4 komanda biliyini nümayiş etdirib. Bu mərhələnin iştirakçıları cari ilin sentyabr və oktyabr aylarında keçirilən rayon birinciliklərində yer tutaraq zona yarışlarına vəsiqə qazanmış yeniyetmələrdir.
Yarışda ilk 3 pilləyə yüksəlmiş Ordubad rayonunun “Günəş”, Naxçıvan şəhərinin “Şəfəq”, Culfa rayonunun “Culfa” komandaları daha bir mötəbər turnirə vəsiqə qazanıblar. “Xəmsə” milli intellektual oyununun yeniyetmələr arasında 3-cü Azərbaycan çempionatında iştirak etmək hüququ qazanan bu yeniyetmələr Naxçıvanı təmsil edəcəklər.
Qeyd edək ki, adıçəkilən bu intellekt yarışı dekabr ayında Naxçıvanda keçiriləcək. Yarışda ölkənin 32 bilikli komandası birincilik uğrunda mübarizə aparacaq.
Ceyhun MƏMMƏDOV