“Naxçıvan” Universitetində 17 noyabr Azərbaycan Dövlət Bayrağının İlk dəfə Naxçıvanda Qaldırıldığı Gün münasibətilə konfrans keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub.
Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi torpaqlarımızı düşmən tapdağından azad edir, üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırır.
Sonra Ümumi tarix kafedrasının müəllimləri professor Vəli Baxşəliyevin, Nuray Hacıyevanın, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun və dosent Elçin Zamanovun məruzələri dinlənilib.
Seyfur Hacımuradov