24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan məhdud fiziki imkanlı şagirdlərlə aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan psixoloqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Bildirilmişdir ki, muxtar respublikamızda ümumtəhsil məktəblərinin praktik psixoloqlarla təmin olunması daim diqqətdə saxlanılmış, əksər ümumtəhsil məktəbləri alitəhsilli psixoloqlarla təmin edilmişdir. Belə ixtisaslı kadrlar olmayan təhsil müəssisələrində isə uzun illərin təcrübəsinə malik olan müəllimlərimiz Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş praktik psixoloq kurslarından keçərək həmin vəzifələrə təyin olunmuşlar.

Muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin səmərəliliyinin artırılması üçün praktik psixoloqlar bilməlidirlər ki, hər bir fərdin çatışmazlıqları özünəməxsus olsa da, problemin, ehtiyacların müəyyənləşdirilməsi, tədrisdə daha uyğun planlaşdırma aparılması məqsədilə onların sinif şagirdləri ilə ortaq xüsusiyyətləri öyrənilməlidir. Eyni zamanda müəllim və valideynin müraciəti əsasında sağlamlıq imkanları məhdud şagirdlər üzərində psixoloji müşahidə aparan psixoloq şagirdlərin həyat şəraiti, tərbiyəsi, təlimi ilə əlaqədar onlarda əmələ gələ biləcək psixoloji gərginlik – həddən artıq yüklənmə, orqanizmdə, xüsusən də səhhətində baş verən dəyişiklik və bütün bunların psixoloji təsiri barədə valideyn və müəllimlərlə məsləhətləşmələr aparmalıdır.
Bu qəbildən olan uşaqların sağlamlığının qayğısına qalmaq üçün praktik psixoloqlar onların vaxtaşırı tibbi yoxlamalardan keçmələrini təmin etməli və səhhətlərində baş verən dəyişiklikləri aradan qaldırmaq məqsədilə səhiyyə orqanları ilə sıx əlaqə saxlamalıdırlar.
Piri Nağıyev təhsildə inkluziv  sistem barədə də danışmışdır. Qeyd edilmişdir ki, inkluziv təhsil prinsipi məhdud fiziki imkanlı şagirdin məktəbə yerləşdirilməsi ilə yanaşı, fərqli tədbirlərin həyata keçirilməsini də tələb edir. Bu təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şagirdi normal vəziyyətə gətirmək deyil, onun istedad və bacarığından ən yaxşı şəkildə istifadəsini təmin etməklə cəmiyyət içərisində yaşaya bilməsini asanlaşdırmaqdır.
Bununla yanaşı, məktəb psixoloqları ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların meyil və maraqlarını nəzərə alaraq onların ümumməktəb tədbirlərində, müəyyən idman yarışlarında iştirakına çalışmalı və uğur qazanmış şagirdlərin rəğbətləndirilməsini təşkil etməlidirlər.
Öz istedad və bacarığını təlim prosesində göstərə bilən, tədrisdə uğurlu nəticələr əldə edən məhdud fiziki imkanlı şagirdlərin şəkilləri məktəbin şərəf lövhəsinə asılmalı, psixoloqun rəyi əsasında onların valideynlərinə təşəkkür məktubları göndərilməli və yeri gəldikcə belə şagirdlər digər şagirdlərə nümunə göstərilməlidir.
Bir sözlə, bu gün muxtar respublika ümumtəhsil məktəblərində çalışan praktik psixoloqlar xüsusi təhsilə ehtiyacı olan sağlamlıq imkanları məhdud şagirdlərlə sağlam şagirdlərin bir yerdə təhsil alması kimi izah olunan inkluziv təhsil prinsipinin həyata keçirilməsində mühüm rol oynamalıdırlar.       
Bildirilmişdir ki, sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyəsinin, istedad və bacarıqlarının inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların məktəbdənkənar tədris müəssisələrinə cəlb edilməsi də diqqətdə saxlanılır. Belə ki, 2013-cü ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud olan uşaqlar musiqi, rəsm dərnəklərinə, şahmat məktəblərinə, idman qruplarına cəlb olunmuşlar.
Vurğulanmışdır ki, bu gün muxtar respublikada inkluziv təhsilə göstərilən dövlət qayğısı bu kateqoriyadan olan uşaqların məktəbdə təhsili üçün geniş imkanlar yaratmışdır.
Piri Nağıyev sonda bildirmişdir ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilini, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbini, onların cəmiyyətdə fəallığının təmin edilməsini bundan sonra da diqqətdə saxlayacaq və bu sahədə verilmiş tapşırıqların icrasını təmin edəcəkdir.
Sonra Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Abdullayevanın, Şərur rayon İbadulla kənd tam orta məktəbinin psixoloqu Yeganə  Axundovanın və başqalarının çıxışları olmuşdur.  
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR