24 Dekabr 2024, Çərşənbə axşamı

Və yaxud almaniyalı hərbçi-səyyahın XIV əsr Naxçıvan şəhərləri ilə bağlı yazdığı bəzi məlumatlar necə təhrif olunub?

Naxçıvanın Nuh Peyğəmbərin Dünya tufanından sonra quruya çıxdığı ilk yer olması ilə bağlı son illər genişlənməkdə olan tədqiqatlar getdikcə daha əsaslı dəlillər ortaya qoymaqdadır. Bu istiqamətdə tədqiqat aparan tarixçilər bir çox mənbə və qaynaqlara, səyyah, hərbçi və rəssamların əsərlərinə, fotoşəkillərə və xalq arasında yayılmış əfsanə və rəvayətlərə əsaslanırlar. Orta əsrlərdə Naxçıvanın tarixi-coğrafiyası ilə bağlı mənbələri araşdırarkən Naxçıvan ərazisinin Nuh Peyğəmbərlə bağlılığı haqqında məlumat verən daha bir mənbəyə rast gəlirik. Bu orta əsr mənbəsi XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış İohann Şiltberqerin 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuş”u və yaxud “Səyahət kitabı”dır. Qeyd edək ki, bu səyahətnaməni 1867-ci ildə Novorossiya (Odessa) Universitetinin professoru, ümumtarix elmləri doktoru F.K.Braun (1804-1880) “İohann Şiltberqerin səyahətnaməsi” adı altında qədim alman dilindən rus dilinə tərcümə etmişdir. Məhz Braunun tərcüməsindən sonra bu səyahətnamə ingilis və alman dillərində çap olunmuşdur. Azərbaycanda isə səyahətnamə akademik Ziya Bünyad­ovun redaktəsi ilə 1984-cü ildə rus dilində çapdan çıxmışdır. Bu kitab Türkiyədə isə “Türklər və tatarlar arasında (1394-1427)” adı ilə tanınır.

Bəs İohann Şiltberqer kimdir? O, 1381-ci ildə Münhen və Freysinq şəhərləri arasında yerləşən Hollerndə əsilzadə ailəsində dünyaya gəlmişdi. 1394-cü ildə macar kralı Sigizmundun Osmanlı imperiyası ilə müharibəyə başlaması ərəfəsində onun ordusuna qoşulmuş, 28 sentyabr 1396-cı ildə Nikopolis müharibəsində yaralanaraq türklər tərəfindən əsir alınmışdı. Sonradan isə I Sultan Bəyazid onu orduda xəbərçi (carçı) kimi xidmətə cəlb etmiş və o, bu vəzifədə 1402-ci ilə qədər fəaliyyət göstərmişdir. Osmanlı ordusunun tərkibində Şiltberqer Anadolu və Misirə səfərlər etmişdir. Ankara müharibəsindən sonra Əmir Teymura xidmət etməyə başlayan Şiltberqer Qafqaz və Mərkəzi Asiya ölkələrini Teymurun ordusunun tərkibində gəzib dolaşmışdır. Əmir Teymurun ölümündən sonra Şahruxun, Miranşahın və Əbubəkrin xidmətində çalışmışdır. Bir çox əraziləri dolaşdıqdan sonra 1427-ci ildə İstanbula getmiş, bir müddət sonra isə yenidən vətəninə – Bavariyaya geri qayıtmışdır.
30 illik əsirliyi müddətində İohann Şiltberqer tabeliyində olduğu şəxslərlə bərabər, Avropa, Asiya və Afrikanın bir çox ölkələrini – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Misir, Fələstin, İordaniya, İran, Xorasan, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyanı gəzib dolaşmışdır. Şiltberqerin “Səyahətnamə”si o dövrdə bu ölkələrin siyasi həyatı ilə bağlı ciddi məlumatları əks etdirməsə də, əsər tarixi-coğrafiyaya aid məsələlərin öyrənilməsi üçün əhəmiyyətlidir. Qeyd edək ki, bavariyalı hərbçi İohann Şiltberqer Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astara, Şirvan (Lahıc, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərlərində də olmuşdur.
“Səyahət kitabı”nın “İpək yığılan ölkələr, Persiya və digər krallıqlar” adlanan 33-cü bölməsində alman müəllifi Azərbaycandakı feodallıqlar və şəhərlər haqqında məlumat verir. Təbriz, Sultaniyyə və Rey haqqında məlumat verdikdən sonra Şiltberqer yazır: “Daha bir şəhər Nuhun gəmisinin dayandığı dağların əhatəsində yerləşən Naxçıvandır. Bu şəhərin ətrafındakı torpaqlar məhsuldardır”.
Qeyd edək ki, mənbənin həm Kaliforniya  Berkley Universitetinin kitabxanasından əldə etdiyimiz ingilisdilli tam versiyasında, həm də 1984-cü ildə Braunun tərcüməsi əsasında akademik Ziya Bünyadovun redaktəsi ilə nəşr olunan ixtisarlı rusdilli versiyasında bu məlumatlar bir-birini təkrarlayır. Lakin Berkley Universitetindən əldə etdiyimiz “Bavariyalı İohann Şiltberqerin əsirliyi və səyahətləri (Avropa, Asiya və Afrika 1396-1427)” adı ilə nəşr olunmuş səyahət kitabının ingilis dilində olan tam mətni ilə tanış olarkən aydın olur ki, rusdilli tərcümədə bəzi məsələlər və şəhərlərin adı təhrifə uğradılmışdır.
Rus dilində olan versiyada mətnin davamı belədir: “Sonra isə üç şəhərin ölkəsi gəlir: Marağa, Hilat və Karni. Həmçinin dağlar üzərində yerləşən Maqu adlı şəhər də var.
... Burada daha bir zəngin ölkə var ki, Gilan adlanır. Hansı ki, orada düyü və pambıq yığılır. Onun sakinləri dəri başmaqlar toxuyurlar.  Sonra isə böyük bir vadidə yerləşən şəhər var ki, Rəşt adlanır. Sonra isə Astrabad, hansı ki o da əlverişli mövqedə yerləşir.
Qala divarları qırmızı olan Antioxiya adlı şəhər də var”.
Naxçıvan bölgəsinin şəhərlərindən danışan müəllifin qəflətən Xəzərin cənub sahillərindəki şəhərlər haqqında məlumatlara keçməsi, sonra isə  yenidən Şərqi Anadoludan cənubda – Aralıq dənizi sahillərində yerləşən Antioxiya şəhəri haqqında məlumatları qeyd etməsi bir az qəribə görünür. Şəhərlərin ərazi ardıcıllığı ilə deyil, qarışıq verilməsi sual doğurur. Elə bu məqsədlə də biz Berkley Universitetinin kitabxanasından əldə etdiyimiz kitaba üz tuturuq və mətnin analoji hissəsi ilə tanış olarkən məsələ aydınlaşır: “Burda Naxson (Nachson) adlanan daha bir şəhər var; Nuhun gəmisinin dayandığı dağların yaxınlığında yerləşir və bu ölkənin münbit əraziləri var. Burda üç şəhər də var, biri Marağa (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır. Hər üçünün torpaqları məhsuldardır. Burada həmçinin dağlar üzərində yerləşmiş Maku (Meya) adlı bir şəhər də var.
... Burada pambıq və düyü yetişdirilən və əhalisi dəri ayaqqabılar toxuyan Gilan adlı bölgə də var. İpək örtüklərin (ləçək) toxunduğu böyük bir şəhər də var ki, Ress adlanır. Həmçinin Strauba adlanan bir şəhər də var.
Digər bir şəhər isə qala divarları qırmızı rəngdə olan Antioxiyadır”.
Bu nəşrin də izahlar bölməsi Novorossiya Universitetinin professoru Braunun şərhlərinə əsaslandığı üçün Kırna – Gərni kimi, Ress-Rəşt kimi, Strauba (Strawba) – Astrabad kimi təqdim olunmuşdur. Mətni diqqətlə araşdırdığımız zaman isə aydın olur ki, Şiltberqer ayrı-ayrı ölkələrin şəhərlərindən qarışıq olaraq deyil, Naxçıvan və ətrafındakı ərazilərdən bəhs edir. Məlumdur ki, Naxçıvan ərazisində “Kırna” adlı toponim bu günə qədər qalmaqdadır, Kırna ərazisində nekropol mövcuddur, şəhər mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Nəzərə almaq lazımdır ki, alman müəllif ondan qala kimi deyil, şəhər kimi bəhs etmişdir. Elə bu səbəbdən də, tərcüməçilər və sonrakı tədqiqatçılar tərəfindən orijinal mətndə “Kırna” kimi yazılmış sözün “Gərni” formasına salınaraq İrəvan yaxınlığındakı qala ilə eyniləşdirilməsi doğru deyildir. Digər tərəfdən aydın olur ki, bəhs olunan dövrdə Kırna ilə yanaşı, Marağa və Hilat da Naxçıvan ölkəsinin tərkibində hesab edilmişdir.
Həmçinin haqqında danışılan Gilan şəhərinin Xəzər dənizinin sahilində yerləşən Gilanla, Ressin isə Rəştlə eyniləşdirilməsi doğru deyildir. İohann Şiltberqer Naxçıvan ərazisində qalıqları indi də qalmaqda olan Kirandan (Gilan) və orta əsr mənbələrində “ər-Rass” kimi bəhs olunan Araz çayının sahilində yerləşən “Ress” adlı şəhərdən bəhs edir. “Strauba” (Strawba) adlanan şəhər isə indiki İran ərazisində yerləşən Astrabad yox, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə yerləşən Astabad orta əsr şəhəridir. Qeyd edək ki, xarabalıqları Babək qəsəbəsinin yaxınlığında qalan bu şəhər orta əsrlərdə hürufiliyin əsas mərkəzlərindən biri, Fəzlullah Nəimi Astabadinin doğulduğu yer olmuşdur. 1967-1971-ci illərdə Araz su qovuşağının tikintisi ilə əlaqədar şəhərin xarabalıqları su altında qalmışdır.
İohann Şiltberqerin “Səyahət kitabı”nda Naxçıvan ərazisi ilə bağlı adıçəkilən daha bir yaşayış məskəni Əlincədir. Əlincədən “Aluitze” kimi bəhs edən alman müəllif buranı, sadəcə, müdafiə qalası kimi deyil, şəhər kimi təsvir edir və Əmir Teymurun onu yalnız 16 il mühasirədə saxladıqdan sonra ələ keçirə bildiyini yazır.

Beləliklə, Naxçıvanın Nuh yurdu olduğunu bir daha təsdiqləyən ən qədim yazılı mənbələrdən biri kimi təqdim edə biləcəyimiz İohann Şiltberqerin “Səyahət kitabı” həm də Azərbaycanın, o cümlədən Naxçıvanın orta əsrlər dövrü tarixi-coğrafiyası üçün zəngin mənbədir. Qeyd edək ki, əsər üzərində araşdırmalarımız davam edir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR