24 Dekabr 2024, Çərşənbə axşamı

Türkiyənin Naxçıvan Muxtar Respublikasında yeni təyin olunmuş Baş konsulu Əli Rza Akıncı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olub. Türkiyəli diplomata AMEA Naxçıvan Bölməsinin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri haqqında məlumat verilib. Baş konsul bölmədə yaradılmış Heydər Əliyev guşəsi, Kitab-sərgi salonu və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olub. Türkiyəli diplomatın diqqətinə çatdırılıb ki, Arxeologiya və etnoqrafiya muzeyində  Naxçıvan ərazisində bölmə əməkdaşlarının iştirakı ilə keçirilən arxeoloji və etnoqrafik ekspedisiyalar zamanı əldə edilmiş eksponatlar, müxtəlif tarixi abidələrin fotoşəkilləri saxlanılır. Kitab-sərgi salonunda isə Naxçıvanın tarixinə, mədəniyyətinə, folkloruna, təbiətinə aid müxtəlif elmi ədəbiyyatlar, o cümlədən bölmə əməkdaşlarının monoqrafiyaları, hazırlanan kitablar, bölmədə müdafiə olunan dissertasiyaların avtoreferatları, həmçinin AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının nüsxələri nümayiş etdirilir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu elm mərkəzinin yaradılması, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edilib ki, hazırda 6 institut, 36 şöbədən ibarət olan AMEA Naxçıvan Bölməsinin Türkiyə Cümhuriyyətinin müxtəlif elmi mərkəzləri və universitetləri ilə əlaqələri mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə AMEA-nın Naxçıvan Bölməsinin kitabxanası elektronlaşdırılıb, beləliklə, bu elm mərkəzinin zəngin kitabxanasından xarici tədqiqatçıların istifadəsi üçün də əlverişli şərait yaranıb. Naxçıvanda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda türkiyəli elm adamları, Türkiyə Cümhuriyyətində keçirilən beynəlxalq elmi tədbirlərdə isə  bölmə əməkdaşları fəal iştirak edirlər.
Baş konsul Naxçıvanın müxtəlif tarixi məkanları, AMEA Naxçıvan Bölməsi ilə tanışlığın onda xoş təəssürat yaratdığını qeyd edib. Regionun strateji əhəmiyyətini xüsusi vurğulayan  Əli Rza Akıncı Naxçıvanın tarixi bir mədəniyyət və elm mərkəzi olduğuna da diqqət çəkib. Türkiyəli diplomat ölkəsi ilə elm sahəsində əlaqələrin daha da gücləndirilməsində əlindən gələni etməyə hazır olduğunu deyib. Elmi ədəbiyyatların mübadiləsi, əlyazmaların mikrofilmlərinin hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR