Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli, vətənpərvər kimi yetişmələrinə layiqli töhfəsini verməkdədir. Diyarımızda istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında reallaşdırılan fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilib. IX-XI sinif şagirdlərinin cəlb olunduqları olimpiadada Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən 129, Heydər Əliyev adına Hərbi Liseydən 32, Naxçıvan şəhərindən 187, Şərur rayonundan 137, Ordubad rayonundan 106, Şahbuz rayonundan 82, Babək rayonundan 69, Culfa rayonundan 69, Kəngərli rayonundan 58, Sədərək rayonundan isə 29 olmaqla, ümumilikdə, 898 şagird biliyini nümayiş etdirib. Olimpiadada biliklərini sınayan ümumtəhsil məktəblərinin şagirdlərinə hər fənn üzrə 30 sual təqdim olunub, test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.
Onu da vurğulayaq ki, muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsində ilboyu ümumtəhsil məktəblərində olimpiadalara hazırlıq mərkəzlərində fərqlənmiş şagirdlər iştirak edirlər.
Şəhər və rayon mərhələsində ən yüksək nəticə toplayan şagirdlər muxtar respublika fənn olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti