24 Dekabr 2024, Çərşənbə axşamı

və yaxud Naxçıvan etnoqrafiyasına yeni töhfə

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf  Orucovun “Elm və təhsil” nəşriyyatında “Xalq təqvimi (adətlər, inanclar, mərasimlər)” adlı monoqrafiyası işıq üzü görmüşdür. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarına əsasən çap olunan kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, rəyçiləri tarix elmləri doktoru Fəzail Vəliyev və tarix üzrə fəlsəfə doktoru Tofiq Babayevdir.

Giriş, üç fəsil və nəticədən ibarət olan monoqrafiyada ilk dəfə olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalqımızın mənəvi mədəniyyətinin bir parçası olan xalq təqvimi ilə bağlı adətlər, inanclar və mərasimlər araşdırılıb ortaya çıxarılmışdır. Monoqrafiyada ayrı-ayrı təsərrüfat sahələri ilə bağlı təqvim adət-mərasimləri və ailələrin ənənəvi qış hazırlığı məsələsi tədqiq edilmişdir. Eyni zamanda Naxçıvan əhalisinin mənəvi mədəniyyətinin formalaşması tarixilik və mədəni varislik prizmasından öyrənilmişdir.

“İlin xalq təqviminə görə bölgüsü” adlanan birinci fəsildə müəllif xalq təqviminə əsasən, ilin fəsillər üzrə bölgüsü, on iki heyvanla bağlı türk təqvimi, yazın qarşılanması ilə bağlı adətlər və inanclar, Novruz bayramının keçirilməsi, onun tarixiliyi, adət və inamların genezisi, yayla bağlı təqvim adəti olan “Susəpən bayramı”, qışın qarşılanması, çillə gecəsi və qışın yola salınması ilə əlaqəli adətlər, inanclar və mərasimlərdən bəhs etmişdir. Bu fəsildə daha çox maraq doğuran məsələlər xalq arasında fəsillərlə bağlı məşhur deyimlərin (“Yaz bitirər, yay yetirər, payız ötürər, qış gö­türər”, “Üçü bizə yağıdır, üçü cənnət bağıdır, üçü yığıb gətirər, üçü vurub dağıdar”) toplanılması və təhlil edilməsidir. Tədqiqatçının 12 heyvan təqviminin türklərlə bağlı olması barədə ortaya qoyduğu fikirlər də maraq doğurur. Müxtəlif tədqiqatçıların fikirlərini müqayisə etməklə müəllif belə bir qənaətə gəlir ki, bu təqvim bəzən yanlış olaraq Çin təqvimi kimi dünyaya təqdim edilsə də, onun yaranması türklərlə bağlıdır. O, bunun türklərin heyvandarlıqla məşğulluğundan irəli gəldiyini əsaslı faktlarla ortaya qoymuşdur.
Müəllifin Novruz bayramı və onun tarixi ilə bağlı yanaşması daha çox fərdi tədqiqatçı mülahizələrinə əsaslansa da, bayramın Azərbaycan və xüsusilə Naxçıvanda qeyd edilməsi ilə bağlı fikirlər maraq doğurur.
Ordubad bölgəsinin Gilançay vadisi əhalisi üçün xarakterik olan “Susəpən bayramı” haqqında isə indiyə qədər çoxumuza məlum olmayan adət və inancların təqdim olunması və bu bayramın xüsusiyyətlərinin ətraflı təhlil edilməsi bu mərasimin yaşadılması üçün əhəmiyyətli addım hesab edilə bilər. Müəllifin “Xıdır Nəbi” bayramının üç mərhələsi – “Şahlıq Xıdır Nəbisi”, “Xanlıq Xıdır Nəbisi” və “Rəiyyət Xıdır Nəbisi” ilə bağlı ətraflı bilgi verməsi də təqdir olunmalıdır.
Monoqrafiyanın “Təsərrüfatla bağlı adətlər, inanclar və mərasimlər” adlanan ikinci fəslində isə maldarlıq, arıçılıq, əkinçilik, üzümçülük, bağçılıq, bostançılıqla bağlı adətlər, inanclar və mərasimlərdən bəhs edilmişdir. Ayların maldarlıq terminləri ilə adlandırılması ilə bağlı maraqlı nüanslara toxunan müəllif hətta Naxçıvan ərazisində maldarlıqla bağlı mərasimlərin həyata keçirildiyi ərazilərin lokalizasiyasını da aparmış və bu yerlər haqqında məlumat vermişdir. Eyni zamanda Naxçıvan əhalisinin adət və inanclarını digər türk xalqlarının adət və inancları ilə müqayisə etmişdir. Fəslin birinci bölümündə xalq sənəti keçəçilik haqqındakı məlumatlar da maraq doğurur. Naxçıvanda arıçılığın qədim tarixinə və ənənələrinə toxunan müəllif arıçılıqla bağlı coğrafi adlardan da bəhs etmişdir. Fəslin əkinçiliklə bağlı bölümündə Naxçıvanda çəltikçilik, darı əkini, məhsul bayramı (Mehrican bayramı) haqqında da bəhs olunmuşdur. Kişmiş, bəkməz, mövüc, riçal, doşab kimi məhsulların hazırlanma qaydası da ikinci fəsildə bütün nüansları ilə əksini tapmışdır.
Qışı sərt keçən Naxçıvanda əhalinin qış hazırlığı məsələlərinə monoqrafiyanın üçüncü fəslində diqqət yetirilmişdir. Ərzaq məhsullarının, dadlıq və çərəzlərin hazırlanması, qış yanacaq ehtiyatı, evlərin qızdırıl­ması məsələsi bu fəsildə əsas diqqət mərkəzində olan mövzulardır. Naxçıvanda hazırlanan dadlıqlar və çərəzlər (ərik, alça, tut, alana, sucuq), qış yeməkləri (yarma, əriştə, alt­əriştə, xəşil, hərsə, tərək, doşab şorbası, horra, qaysava), ət, yağ və pendirin qışa saxlanılması üsulları haqqında bu fəsildə maraqlı məlumatlar verilmişdir.
Azərbaycan, rus, türk dillərində 220-dən artıq elmi ədəbiyyat, qəzet və jurnal məqalələri, internet resursları əsasında yazılan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının ən qocaman 123 sakininin verdiyi məlumatlar da öz əksini tapmışdır. Qeyd edək ki, məlumatçılar sırasında ən yaşlı sakinlər 1905-ci il təvəllüdlü Şahbuz rayonunun Badamlı və Culfa rayonunun Xanəgah kənd sakinləridir.
“Xalq təqvimi (adətlər, inanclar, mərasimlər)” adlanan monoqrafiya tarixçilər, etnoqraflar, filoloqlar, tələbələrlə yanaşı, maddi-mədəni və milli-mənəvi dəyərlərimizlə maraqlananlar üçün də dəyərli mənbə hesab edilə bilər.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR