“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir.
Dünən Naxçıvan Müəllimlər İnstitutunda nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrində Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrlə “Müasir dövrdə kitabxana xidmətinin təşkili” adlı görüş keçirilib. Tədbiri institutun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev açıb.
Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri və təcrübi biliklər aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən Mədəniyyət Nazirliyi 21 ixtisasa hamilik edir ki, bunların da içərisində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Kitabxanaçılıq və informasiya ixtisasları da var.
Qeyd olunub ki, 2019-2020-ci tədris ilində sərəncamın icrası ilə bağlı adıçəkilən ixtisaslar üzrə təhsil alan tələbələrlə 5 açıq dərs, 4 kitab müzakirəsi keçirilib. Həmçinin tələbələrin nazirliyin tabeliyində olan kitabxanalarda təcrübə keçməsi təmin olunub.
Vurğulanıb ki, 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetində kitab müzakirəsi, Naxçıvan Musiqi Kollecinin tələbələrinə açıq dərs keçilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Fariz Əhmədov və Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasının direktoru Şəfaət Sadiqova çıxış ediblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti