Naxçıvan Özəl Universitetində tələbələrin müasir tələblər səviyyəsində yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompüter mərkəzi, zəngin kitabxana, sürətli simsiz internet, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Məlumat üçün qeyd edək ki, Naxçıvan Özəl Universiteti xarici ölkələrin ali təhsil ocaqları ilə əlaqələrin inkişafını da diqqətdə saxlayır. 2012-ci ildə ali təhsil ocağında yaradılmış Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti də beynəlxalq əlaqələrin inkişafı məqsədilə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, kadr potensialının, tədris proqramlarının məzmununun, texniki təchizatın və tədrisin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəldilib.
Bu yaxınlarda universitet Beynəlxalq Strateji Planlama Mərkəzi ilə əməkdaşlığa başlayıb. Beynəlxalq Strateji Planlama Mərkəzi universitetin beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradacaq. Adıçəkilən mərkəz hər bir fakültə və kafedranı universitet səviyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq universitet və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönümlü əməkdaşlıq yaratmaları məqsədilə koordinasiya edir, eyni zamanda beynəlxalq əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verir. Bundan başqa, mərkəz mübadilə proqramlarında müəllim və tələbə heyətinin iştirakını, universitetin beynəlxalq aləmdə reklamını, xarici tələbələrin ali təhsil müəssisəsi haqqında məlumatlandırılmasını, qlobal yeniliklərin tədris kurikulumuna inteqrasiya etməsini təmin etməklə bərabər, akademik heyətin fəal araşdırma və inkişaf proqramlarına cəlb olunması üçün də müvafiq tədbirlər həyata keçirir.
Naxçıvan Özəl Universitetinin xarici universitetlərlə imzalanmış tələbə mübadiləsi müqavilələrinə əsasən, hər akademik il ərzində 2 dəfə olmaqla mübadilə proqramları həyata keçirilməkdədir. Mübadilə proqramının müddəti bir və ya iki ildir. Mübadilə qarşılıqlı əsaslarla və ikitərəfli təşkil edilir.
Ali təhsil ocağı respublikamızın bir çox ali məktəbləri ilə yanaşı, çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalayıb ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə geniş şərait yaradır. Hazırda universitetin Türkiyənin və Avropanın bir sıra universitetləri ilə sıx əməkdaşlığı mövcuddur. 2013-cü ilin may ayında Budapeşt Korvinus Universiteti ilə bağlanmış memoranduma əsasən, 2014-cü ilin sentyabr ayından etibarən Naxçıvan Özəl Universiteti Budapeşt Korvinus Universitetinin təşkil etdiyi ESP kurslarında iştirak edəcəkdir. ESP layihəsi birillik dərəcə proqramıdır. Proqramda iştirak edən müəllimlər ixtisaslarına uyğun ingilis dili biliklərinə yiyələnəcək, eyni zamanda ixtisasları üzrə təkmilləşmə kursları keçəcəklər. Müəllimlər proqramın ilk semestri Macarıstanda nəzəri kurslar keçəcəklər; ikinci semestrdə isə Naxçıvan Özəl Universitetində praktika keçməklə onlayn təhsillərini davam etdirəcəklər. Onu da deyək ki, iştirakçılar kursun sonunda dil biliklərini təsdiqləyən dərəcə sertifikatı alacaqlar.
Sentyabr ayından etibarən Türkiyənin bir sıra universitetləri ilə Mövlana Mübadilə Proqramı çərçivəsində bir sıra danışıqlar aparılır, müqavilələr imzalanır. Yanvar ayından, yeni semestrə başlanan zaman universitetin, təqribən, 30-a yaxın tələbəsi mübadilə proqramı çərçivəsində Türkiyə universitetlərində 1 semestrlik təhsil almaq şansı əldə edəcəklər.
Universitet 2012-ci ildən etibarən Avropa Birliyi tərəfindən maliyyələşdirilən Tempus layihələrində də iştirak edir. Tərəfdaş olaraq qoşulduğumuz ilk layihə Qafqaz Universiteti tərəfindən qazanılan E-NOTES layihəsi olub. Layihənin məqsədi Azərbaycanda kompüter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılmasıdır. Artıq layihənin bir ili yekunlaşmaq üzrədir. Bir il ərzində Avropadan olan tərəfdaşların iştirakı ilə layihənin açılış tədbiri keçirilib, hər tərəfdaş universitetdə yaradılacaq kompüter mərkəzi üçün təchizat alınıb, layihənin internet səhifəsinin yaradılmasına başlanılıb. İyun ayında isə E-NOTES layihəsinin administrativ heyəti Litvanın Kaunas şəhərində təşkil olunan təlim kurslarında iştirak edib.
2013-cü ildən Naxçıvan Özəl Universiteti yeni bir Tempus layihəsinə qoşulub. Bu, Almaniyanın Münhen Ludviq Maksimilians Universitetinin koordinator olaraq hazırladığı və Naxçıvan Özəl Universitetinin də tərəfdaş olduğu COMOLTE (Müasir Xarici Dil Tədrisi) layihəsidir. Layihənin məqsədi ingilis dili tədrisinin metodologiyasının öyrənilməsi və yeni metodların tətbiqindən ibarətdir. Layihədə Azərbaycan Respublikasından 2 universitet – Azərbaycan Dillər Universiteti və Naxçıvan Özəl Universiteti iştirak edir. Layihənin açılış iclası yanvar ayında Almaniyada keçiriləcəkdir.
Naxçıvan Özəl Universitetinin maddi-texniki bazasının gücləndirilməsi, universitet üçün yeni tədris korpuslarının tikilməsi bu ali təhsil ocağında təhsilin yüksək səviyyədə qurulmasına əsaslı zəmin yaradan amillərdəndir. Təhsilin yüksək səviyyədə aparılması isə universitetin səmərəli beynəlxalq əlaqələrə malik olmasına öz töhfəsini verəcəkdir.
Nuray ƏSGƏROVA