22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzinin təqdimatı keçirilib.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedad və bacarıqlarının aşkarlanması istiqamətində müxtəlif tədbirlər keçirilir. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, Naxçıvan Qızlar Liseyinə şagird qəbulu imtahanla aparılır. Bu ildən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə də qəbul imtahanı keçiriləcəkdir. Bununla yanaşı, Təhsil Nazirliyi hər il muxtar respublika və respublika fənn olimpiadaları, eləcə də muxtar respublika üzrə 40 mindən çox şagirdin müxtəlif fənlərlə bağlı öyrəndikləri mövzuların mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi üçün sınaq imtahanları keçirir. Buna görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzinin yaradılmasına böyük ehtiyac var idi.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə İmtahan Mərkəzi üçün yer ayrılıb və mərkəzdə ən müasir avadanlıqlar quraşdırılıb. Mərkəz Təhsil Nazirliyi tərəfindən liseylərə qəbul, həmçinin müxtəlif fənn olimpiadalarının keçirilməsinə, şagirdlərin mövzular üzrə mənimsəmə səviyyəsinin qiymətləndirilməsinə geniş imkanlar yaradır.

Təhsil naziri muxtar respublika təhsilinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.
Təqdimatda Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək mərkəzdə yaradılan şərait və avadanlıqlar haqqında məlumat verib.
Sonra mərkəzdə quraşdırılan avadanlıqlara baxış olmuşdur. Bildirilmişdir ki, rəqəmsal monoxrom yüksəksürətli rizoqraf və rəqəmsal tamrəngli surətçıxaran-printer skaner çap avadanlıqları müasirliyi ilə seçilir. Mövcud printer skaner hətta cavab kartlarını da nəşr edir ki, bu da sınaq imtahanları və fənn olimpiadaları üçün lazım olacaq cavab kartlarının mərkəzdə nəşrini təmin edəcəkdir. Test skaner saatda 1800 cavab kartını oxuya bilir. Mərkəzdə kompüterlər xüsusi proqram təminatı ilə təchiz olunub. Yüksək göstəricilərə malik olan kompüterlər mərkəzdə test bankının yaradılması üçün də geniş imkanlar açır. Mövcud avadanlıqlarla yanaşı, gələcəkdə test skaner üçün nəzərdə tutulmuş proqram təminatının təkmilləşdirilməsi, açıqtipli testlərin müəyyənləşdirilmiş marker müəllimlərin kompüterlərinə göndərilməsi və elektron yoxlanılması nəzərdə tutulur. Həmçinin imtahan nəticələri ilə şagirdlərin valideynlərinə Naxtel üzərindən SMS-lə məlumat göndərilməsi istiqamətində də iş aparılacaqdır.
Yeni yaradılan qurum şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verəcəkdir.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR