Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik tanınmış həkimin mənalı həyat yolundan və ictimai fəaliyyətindən danışaraq bildirib ki, Əqil Mehdiyev ömrünün 50 ildən artıq bir dövrünü ölkə səhiyyəsinin inkişafına həsr edib. Müəllim, sonralar isə həkim kimi fəaliyyət göstərən Əqil Mehdiyev müxtəlif illərdə Nehrəmdə müəllim və məktəb direktoru, Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, Səhiyyə naziri vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri təyin olunub.
Vurğulanıb ki, ölkə səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, tanınmış həkimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamının Əqil Mehdiyevin əməyinə verilən yüksək qiymətin daha bir nümunəsi olduğunu vurğulayaraq Ali Məclis Sədrinə ziyalılar adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Əqil Mehdiyev görkəmli səhiyyə təşkilatçısı kimi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Əqil Mehdiyevin ictimai fəaliyyəti” və Naxçıvan Dövlət Universitetinin müəllimi, tibb elmləri doktoru İsa Abdullayev “Əqil Mehdiyevin həyatı mübarizlik, prinsipiallıq və müdriklik nümunəsidir” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin keçdiyi ömür yolundan söz açılıb, muxtar respublika səhiyyəsinin inkişafına böyük töhfələr verdiyi və bugünkü gənclərə örnək bir ömür yaşadığı qeyd edilib, Ali Məclis Sədrinin sözügedən sərəncamı Əqil Mehdiyevin əməyinə və Naxçıvan səhiyyəsinə verilən yüksək dəyər kimi qiymətləndirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti