Naxçıvan şəhərindəki açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində ümumtəhsil məktəblərinin şagirdlərinə növbəti açıq dərs keçilib.
Açıq dərsdə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin hərbi rəhbəri Mirqafar Seyidov bildirib ki, bu gün biz şanlı ordumuzun mənfur və işğalçı düşmənə qarşı yürütdüyü əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azadolma sevincini yaşayırıq.
Naxçıvan şəhər Qızlar Liseyinin, 6, 7, 8 və 9 nömrəli tam orta məktəblərin IX-XI siniflərindən, ümumilikdə, 40 şagirdin iştirak etdiyi açıq dərsdə şagirdlərə məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, yerqazan və maneələğvetmə maşınları, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər haqqında şagirdlərə geniş məlumat verilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti