Naxçıvan Dövlət Universitetində MUMEENA layihəsinin Bakı şəhərində keçirilmiş növbəti təliminin təqdimatı olmuşdur. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində ali təhsil müəssisəsində görülən işlərdən danışmışdır. Rektor bildirmişdir ki, ali təhsil ocağının dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələri mövcuddur və bu əlaqələr genişlənməkdədir.
“Universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində Naxçıvan Dövlət Universitetinin bir neçə tələbəsi təhsilini müxtəlif ölkələrin ali təhsil ocaqlarında davam etdirir”, – deyən rektor universitetin MUMEENA – Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi Layihəsində də uğurla iştirak etdiyini vurğulamışdır.
Bu yaxınlarda Litvanın Kaunas şəhərində Kaunas Texnologiya Universitetinin təşkil etdiyi “Erasmus+” məlumat günü”ndə Naxçıvan Dövlət Universitetini təmsil etmiş universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək tədbir haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, “Şərqi əməkdaşlıq universitetləri ilə yeni əməkdaşlıq imkanları”na həsr olunmuş “məlumat günü” Avropa Komissiyası tərəfindən 2014-cü ilin yanvarında başlanılacaq “Erasmus+” proqramının təqdimatı məqsədilə təşkil edilmişdir. 2014-2020-ci illəri əhatə edəcək bu proqram Şərq tərəfdaşlığı ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirəcəkdir.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, MUMEENA layihəsinin yerli koordinatoru Elmar Rzayev Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi Layihəsinin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, Avropada tibb təhsilinin modelini təqdim edən və İngiltərə, Niderland, İspaniya və İtaliya kimi Avropa ölkələrinin iştirak etdiyi bu layihədə Naxçıvan Dövlət Universiteti 2012-ci ildən uğurla təmsil olunur. Layihənin Bakı şəhərində keçirilmiş növbəti təlimində tibb təhsilinin inteqrasiyası, tələbələrin tədqiqat bacarıqlarının artırılması, klinik sübutlara əsaslanan mühakimələr, müəllimlərin tələbələri, tələbələrin isə müəllimləri qiymətləndirməsi kimi məsələlər müzakirə olunmuşdur.
Mehriban SULTAN