Noyabrın 7-də Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Biz sizdən öyrəndik qəhrəmanlığı” devizi altında tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının birgə təşkil etdikləri tədbiri giriş sözü ilə məktəbin direktoru Məhərrəm İsmayılov açıb, şagirdlərlə görüşün əhəmiyyətindən danışıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov tədbirdə çıxış edərək bildirib ki, vətənpərvərlik tərbiyəsi insanlara vətən sevgisi, məsuliyyət hissi, hər an ana torpağın müdafiəsinə hazırolma kimi yüksək insani keyfiyyətlərin aşılanmasıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılır.
Xalqımızın hər zaman vətənpərvər oğullar yetişdirdiyini şagirdlərin diqqətinə çatdıran Mirməcid Seyidov onu da vurğulayıb ki, onlar Vətənimizi ana məhəbbəti ilə sevmiş, torpaqlarımızın bütövlüyü uğrunda şücaətlər göstərmişlər.1990-1993-cü illərdə muxtar diyarımızın qorunmasında, Qarabağ uğrunda gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıqlar göstərmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin rəis müavini Elşən Mərdanlı və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Şahbuz Rayon Şöbəsinin sədri Xəqani Həsənov çıxış edərək bildiriblər ki, vətənpərvərlik tərbiyəsi həm də gənc nəsildə milli kimliyi, tarixi keçmişi unutmamağı formalaşdırır. Buna görə ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, bununla bağlı aidiyyəti orqanlarla birgə şagirdlər arasında müxtəlif mövzularda tədbirlər keçirilir.
Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Xəbərlər şöbəsi