Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu başa çatmışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən reallaşdırılan və “Statistik təhlil” mövzusuna həsr olunan təlim kursunun yekununda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına əsasən, kadr potensialının gücləndirilməsinin prioritet vəzifə kimi daim diqqət mərkəzində saxlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, bir il ərzində universitetdə müxtəlif mövzulara həsr olunmuş təlim kursları da məhz bu məqsədlə təşkil edilmişdir. Bu təlim kurslarında regionun müxtəlif dövlət strukturlarının əməkdaşları, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələri iştirak etmişlər. Anar Kazımov əmin olduğunu bildirmişdir ki, təlim kursu nəticəsində statistik təhlilin istifadəsi üzrə potensial güclənəcək və ekspertlərlə bərabər, təlimdə fəal iştirak edənlər də yeni metodologiyadan faydalana biləcəklər.
Ekspert-təlimçi, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, Azərbaycan Universiteti Biznes məktəbinin dekanı Elçin Rəşidov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, ekonometrika və maliyyə fənləri üzrə təlimçi Ziya Əlili təşkilatçılığa görə minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, təlim zamanı geniş istifadə olunan statistik metod və üsullar barədə iştirakçılara məlumat verilmiş, həmçinin statistik təhlilin ən faydalı şəkildə tətbiq olunduğu hallar müəyyənləşdirilmişdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Xəbərlər şöbəsi