24 Dekabr 2024, Çərşənbə axşamı

Bu ilin oktyabr ayında Naxçıvan şəhərindəki, Şahbuz, Kəngərli, Culfa rayonlarındakı hərbi hissələrdə və “Naxçıvan” Sərhəd Diviziyasında cəsur süvari generalı Hüseyn xan Naxçıvanskinin – Kəngərlinin anadan olmasının 150 illik yubileyi münasibətilə keçirilən tədbirlər əsgərlərimizin çox böyük marağına səbəb olmuşdur. Bu yubiley tədbirlərinin iştirakçısı oldum.
Hərbçilərlə söhbətlərimizdə hiss edirdim ki, onlar “Müqəddəs Georgi” ordeni haqqında müfəssəl məlumata malik olmaq arzusundadırlar. Buna görə də bu ordenin yaranması, statusu və o ali hərbi mükafatı alan naxçıvanlı hərbçilər haqqında söhbət açmaq istəyirik.

Dörddərəcəli “Müqəddəs Georgi” ordeni 26 noyabr 1769-cu ildə Rusiya imperatriçəsi II Yekaterina tərəfindən təsis edilmişdir. Əslində, bu ordenin adı “Müqəddəs əzabkeş və qalib Georgi ordeni” kimi yazılır. Bəzən onu “Müqəddəs şəhid və məğlubedilməz Georgi imperator hərbi ordeni” kimi də tərcümə edirlər. Bizcə, birinci variantdakı tərcümə orijinala daha uyğundur. Bu hərbi ordenin nizamnaməsində deyilir: “Şəxsən qoşuna rəhbərlik edərək düşməni çıxılmaz vəziyyətdə qoyan, onu məğlub edən və tam qələbə çalan “Müqəddəs Georgi” ordeninin kavaleri, yəni sahibi ola bilər”.

“Müqəddəs Georgi” ordeni Rusiya imperiyasında bütün hərbi ordenlərin ən alisi sayılırdı. Digər hərbi ordenlər bantla və qılınclarla verilirdisə, bu, “Müqəddəs Georgi” ordeninə aid deyildi. Bu ordenin kavalerləri dövlət xəzinəsinə üzvlük haqqı ödəmirdilər. Həmin ordenin kavalerlərinin ordudan tərxis olunduqdan sonra da hərbi mundiri geymək hüquqları saxlanılırdı. “Müqəddəs Georgi” ordeninin sahibləri nəsillikcə Rusiya zadəganlarının sıralarına qəbul edilirdilər. Bu ordenin 1-ci və 2-ci dərəcələri böyük xaçla seçilirdi. Ordenin 3-cü və 4-cü dərəcələrində xaç kiçik formada idi. Rombşəkilli qızıl ulduz hər dörd dərəcəyə aid olunurdu. “Müqəddəs Georgi” ordeni mundirin sol yaxasına taxılırdı. 1844-cü ilin 9 avqustundan etibarən müsəlman kavalerlərə təqdim olunan ordendə Müqəddəs Georginin təsvirinin yerində imperatorun ikibaşlı qartalının şəkli yerləşdirildi. Çünki Müqəddəs Georgi xristian dininin şəhididir. 1782-ci ildə Georgi kavalerlərinin duması yaradılır. Bu dumada olan köhnə kavalerlər 3-cü və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeninin yeni sahiblərini müəyyənləşdirirdilər.
1811-ci ildən bu duma Peterburqda (indiki Sankt-Peterburq) Qış Sarayının Georgi salonunda fəaliyyət göstərməyə başladı. 1849-cu ilin 11 aprelindən isə bu ordenin kavalerlərinin adları və familiyaları Moskvadakı Böyük Kreml Sarayının əzəmətli Georgi salonunda divarlarda yerləşdirilmiş xüsusi mərmər lövhələrdə qızıl hərflərlə yazılırdı. 1769-cu ildən 1885-ci ilədək 11381 zabit bu ali hərbi ordenlə təltif olunmuş və adları salondakı mərmər lövhəyə qızıl hərflərlə həkk edilmişdir. Böyük, geniş, füsunkar salonun ağ rəngi və qızıl hərfləri qeyri-adi bir gözəllik yaradır. Maraq üçün qeyd edək ki, Müqəddəs Georginin şərəfinə Gürcüstanın baş meydanında onun əzəmətli abidəsi ucaldılmışdır. Gürcüstan onun şərəfinə “Georgia” adlanır.
Rusiya dövlətçiliyinin qorunması uğrunda misilsiz igidliklər göstərmiş qəhrəman həmyerlilərimiz süvari generalı İsmayıl xan və qardaşı general-mayor II Kalbalı xan Naxçıvanskinin də adları Böyük Kremlin möhtəşəm Georgi salonunun divarındakı mərmər lövhəyə qızıl hərflərlə yazılmışdır: İsmayıl xan Ehsan xan oğlu və Kalbalı xan Ehsan xan oğlu.
Qeyd edək ki, “Müqəddəs Georgi” ordeninin adları qızıl hərflərlə yazılan birinci kavaleri 1769-cu ildə Fyodr Fabritsian, sonuncusu isə 1885-ci ildə podpolkovnik Maqsud Əlixanov – Avarski (general-mayor II Kalbalı xan Naxçıvanskinin kürəkəni) olmuşdur.
Ali hərbi orden alan “Müqəddəs Georgi”nin məşhur kavalerindən üçü naxçıvanlıdır: İsmayıl xan, qardaşı II Kalbalı xan və onun oğlu Hüseyn xan Naxçıvanskilər – Kəngərlilər. Biz onların yalnız bu ali ordeni almaları haqda məlumat verəcəyik. Çünki onların hər biri haqqında əvvəllər yazılar dərc edilmişdir.
Süvari generalı İsmayıl xan I Ehsan xan oğlu Naxçıvanski – Kəngərli (5.01.1819, Naxçıvan – 10.02.1909, Naxçıvan) 1877-ci ilin iyununda Bəyazid qalasının mühasirədə olduğu vaxt göstərdiyi nümunəvi  igidliyə və təşkilatçılığına görə 31 dekabr 1877-ci ildə 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. 18 avqust 1908-ci ildə İsmayıl xana süvari generalı hərbi rütbəsi verilmişdir.
General-mayor II Kalbalı xan I Ehsan xan oğlu Naxçıvanski – Kəngərli (1824, Naxçıvan – 3 aprel 1883, Naxçıvan) 17 iyul 1854-cü ildə Çınqıl təpəliklərində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 15 aprel 1855-ci ildə 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni almışdır. O, komandirlik etdiyi İrəvan bəy drujinası ilə misilsiz qəhrəmanlıqlar göstərmişdir.
II Kalbalı xan 14 sentyabr 1874-cü ildə süvari ordunun general-mayor hərbi rütbəsini almışdır. Qeyd edək ki, II Kalbalı xan 1877-78-ci illərdə rus-türk müharibəsindəki şücaətinə görə brilyantlarla və almazlarla bəzədilmiş “Qızıl silah”ın da kavaleri olmuşdur. 2014-cü ildə Qafqazın ən məşhur generalı II Kalbalı xanın anadan olmasının 190 ili tamam olur.
Süvari generalı Hüseyn xan II Kalbalı xan oğlu Naxçıvanski də (28.07.1863, Naxçıvan – yanvar 1919, Petroqrad) bu ali hərbi ordenin kavaleri olmuşdur. 17 dekabr 1905-ci ildə Rusiya çarının fərmanı ilə 2-ci Dağıstan polkunun komandiri, fligel-adyutant polkovnik Hüseyn xan Naxçıvanski 14 yanvar 1905-ci ildə Landunqou kəndində yaponlarla döyüşlərdə göstərdiyi igidliyinə və cəsurluğuna görə 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə mükafatlandırılmışdır. O, 22 oktyabr 1914-cü ildə Rusiya çarının digər bir fərmanı ilə 6 avqust 1914-cü ildə almanlarla aparılan döyüşlərdə göstər­diyi qəhrəmanlığa görə 3-cü dərə­cəli “Müqəddəs Georgi” ordeni almışdır.
1856-cı ildən göstərişə əsasən, bu ali hərbi ordenin 1-ci və 2-ci dərəcələri qızıl xaçla, 3-cü və 4-cü dərəcələri isə gümüş xaçla hazırlanmağa başlandı.
1913-cü ildən etibarən Rusiya çarının fərmanı ilə “Georgi silahı” hərbi mükafatı təsis edildi. Bu mükafatla döyüşlərdə misilsiz şücaətlər göstərən hərbçilər təltif edilirdilər. Onların arasında üç naxçıvanlı vardır: III Kalbalı xan Cəfərqulu xan oğlu Naxçıvanski, Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski və Nağı Yusif oğlu Məmmədəliyev.
III Kalbalı xan Cəfərqulu xan oğlu Naxçıvanskiyə – Kəngərliyə (20.10.1891, Naxçıvan – 1934, Maku) 15 avqust 1914-cü ildə Skokov kəndinin yaxınlığında avstriyalılarla aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 2 may 1915-ci ildə Rusiya çarının fərmanı ilə “Georgi silahı” mükafatı verilmişdir. O, Əlahəzrətin Saray Ulan Polkunun korneti idi. Ona 1919-cu ildə polkovnik, 1920-ci ilin yanvarında isə general-mayor rütbəsi verilmişdir.
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanskiyə – Kəngərliyə (09.08.1895, Naxçıvan – 26.08.1938, Moskva) Rusiya çarının fərmanı ilə 26 yanvar 1917-ci ildə 31 may 1916-cı ildə Tışkovitse kəndi ətrafında gedən döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, Müsəlman Süvari Polkunun 10 süvarisi ilə düşmənin piyada vzvodunu məğlub etdiyinə görə “Georgi silahı” mükafatı verilmişdir.
Qeyd edək ki, döyüşdüyü ildə Cəmşid xan Qafqaz yerli Süvari Diviziyasının tərkibindəki tatar (azərbaycanlı) süvari polkunun korneti idi. 5 dekabr 1935-ci ildə Cəmşid xana general-mayor hərbi rütbəsi verilmişdir.
13-cü Finlandiya atıcı polkunun poruçiki Nağı Yusif oğlu Məmməd­əliyev də “Georgi silahı”nın sahibi olmuşdur (1895, Naxçıvan – ?).
O, 1 oktyabr 1916-cı ildə 13-cü Finlandiya atıcı polkunun nəzdində olan ikinci rotanın podporuçiki olarkən kəşfiyyatçı kimi göstərdiyi şücaətə görə Rusiya çarının fərmanı ilə 22 may 1917-ci ildə bu mükafata layiq görülmüşdür. Qeyd edək ki, bu həmyerlimiz haqqında ilk dəfə Moskvada yaşayan gənc hərbi tarixçi Eldar İsmayılov məlumat vermişdir. Bu həmyerlimizin kimliyi haqqında axtarışlarımız davam edir. Axtarışın izləri Ordubada gedib çıxır.
Bu yüksək hərbi mükafatı alanların siyahısında atası İrəvan xanlarından olan Abbasqulu xan İrəvanskinin – Qacarın oğlu Kərim xan da vardır. Onun anası Tərlan xanım süvari generalı İsmayıl xan Naxçıvanskinin qızıdır. 1918-ci ildə Naxçıvanı erməni vandallarından müdafiə edən qəhrəman döyüşçülərimizdən biri də Şərur taborunun komandiri polkovnik Kərim xan olmuşdur. O, Cəmşid xanın doğmaca dayısıdır.
Kərim xan Abbasqulu xan oğlu İrəvanski – Qacar (15.11.1885, İrəvan – oktyabr 1919, Nalçik) Qafqaz yerli Süvari Diviziyasının tərkibində olan Kabardin Süvari Polkunun dördüncü bölüyünün komandiri olarkən ştabs-rotmistr rütbəsində 8 oktyabr 1917-ci ildə döyüşlərdə fərqləndiyinə görə “Georgi silahı” ilə təltif edilmişdir.

Azərbaycan və Rusiya hərb tarixinin məşhur kavalerlərinin Naxçıvandan olan qəhrəman eloğullarımızın hünərləri, igidlikləri bizdə qürur doğurur. Onlar həmişə Naxçıvanın şərəfini uca tutublar. Onların bu mərdlikləri və cəsurluqları işığında ciddi axtarışlarımızı davam etdiririk.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR