24-26 oktyabr tarixlərində Mərakeşin Mərrakeş şəhərində Beynəlxalq Su Assosiasiyası tərəfindən “Kəhrizlərin ənənəvi texnologiyalar əsasında istifadəsi” mövzusunda konfrans keçirilmişdir. 22 dövlətin alim və mütəxəssislərinin qatıldığı elmi məclisdə həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev də iştirak etmişdir.
Həmyerlimiz professor Əlövsət Quliyev həmin konfransda “Azərbaycanda (əsasən, Naxçıvan Muxtar Respublikası timsalında) kəhriz sistemləri: onların tədqiqi və bərpası” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Naxçıvanda kəhriz tədqiqatı, su sistemlərinə dövlət qayğısı, muxtar respublikada dünyada ilk dəfə olaraq Kəhrizlər İdarəsinin yaradılması və 100-dən çox kəhrizin bərpa olunması barədə konfrans iştirakçılarına məlumat verilmişdir. Dünya dövlətlərinin ilk dəfə bu mövzuya hələ indi qayıtdıqları halda, Naxçıvanda muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə görülən işlər və bu gün də həmin tədbirlərin davam etdirilməsi konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzənin sonunda Naxçıvan Muxtar Respublikasında kəhrizlərin bərpasından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Məruzələr başa çatdıqdan sonra Beynəlxalq Su Assosiasiyasına üzvlərin seçilməsinə başlanılmış, həmyerlimiz bu beynəlxalq təşkilata üzv seçilmişdir. Əlövsət Quliyev həm də YUNESKO-nun 9 nəfərdən ibarət Qədim Hidravlik Sistemlər – Kəhrizlər Bölməsinin V Dövlətlərarası İdarə Heyətinin Azərbaycanı təmsil edən üzvü seçilmişdir.
Məlumat üçün bildirək ki, Beynəlxalq Su Assosiasiyası (IWA) dünyada baş verən su problemləri, sudan istifadə və su ehtiyatlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirən beynəlxalq təşkilatdır.
Xəbərlər şöbəsi