AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mədəni xəzinəsi olan dialekt və şivələrin öyrənilməsi, yenidən hərtərəfli, dərindən tədqiqi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Qeyd edib ki, Naxçıvan Bölməsində Naxçıvanın dialekt və şivələri tamamilə yeni aspektdə, müasir dövrün tələbləri baxımından öyrənilib və tədqiqat işlərinin nəticələri monoqrafiya və kitablarda, elmi məqalələrdə əksini tapıb. Vurğulanıb ki, həm ekspedisiya, həm də fərdi yolla aparılan araşdırmaların nəticələrinin ölkəmizlə yanaşı, xarici ölkələrdə işıq üzü görməsi dialekt və şivələrimizin öyrənilməsi və dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra bölmənin doqquzaylıq hesabatı ilə bağlı Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib.
Gündəliyə çıxarılan növbəti məsələ 2020-2021-ci illər üçün payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub. Bölmənin İnzibati təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi İlham Cəfərov bu barədə iştirakçılara məlumat verib. O, bölmənin elmi-tədqiqat institutlarında su, qaz, işıq sisteminin texniki baxışdan keçirildiyini, hər hansı ciddi problemin olmadığını və bu il də payız-qış mövsümünə tam hazır olduqlarını bildirib.
Tədbirdə elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarov bölmənin elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına vakant vəzifələri tutmaq üçün müsabiqə elanının vəziyyətini diqqətə çatdırıb. Bildirib ki, elanla bağlı 30 yerə 13 nəfər müraciət edib.
İclasda bir sıra kadr və cari məsələlərə baxılıb.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti