24 Dekabr 2024, Çərşənbə axşamı

Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömür boyu möhtac olduğu dəyərlərdir.  Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir.
Bu gün ölkəmizdə təhsil sahəsində dövlət siyasətinin əsasını təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün  sahələrinin inkişafını nəzərdə tutan dövlət pro­qramları təşkil edir. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli-mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, 9onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı  ixtisas üzrə nəzəri və praktik biliklərə tamamilə sahiblənən, yenilikçi təfəkkürlü mütəxəssis hazırlanmasıdır. Odur ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.

Ordubad hər zaman məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə tanınıb, şöhrətlənib. Məşhur astronom, alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsirəddin Tusi, dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi, XIX əsrdə Nəcəf şəhərində yaşamış Məhəmməd Əli Qələvi Ordubadi və onlarla adlarını sadalaya bilmədiyimiz elm adamları bütün Şərqdə tanınıblar. Məhəmməd Əli Qələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı bir neçə cild kitab bütün Şərq aləmində tanınır.
Rayonda təhsil ənənələrindən söz düşmüşkən görkəmli maarifçi  M.T.Sidqinin adını və xatirəsini böyük ehtiramla yad etmək yerinə düşər. Çünki Sidqi 1892-ci ildə  Ordubadda maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə “Əxtər” məktəbi təsis edərək yeni bir təhsil hərəkatının əsasını qoymuşdu. Roman janrının banilərindən olan Məmməd Səid Ordubadi, dünya şöhrətli alim, kimya elmi sahəsində yüksək kəşflər edən, 1941-1945-ci illər müharibəsində hərbi sənayenin inkişafında misilsiz xidmətlər göstərmiş Yusif Məmmədəliyev və onlarla böyük şəxsiyyətlər də bu torpağın yetirmələridir. Ümumiyyətlə, bu rayonun sakinlərinin elm sahəsində xidmətləri böyük olub.  Bağlar diyarından 365 nəfərdən çox alim çıxıb ki, bunlar arasında 150-dən çox elmlər doktoru, professor, 220-dən çox fəlsəfə doktoru və xarici ölkə universitetlərinin elmi adını alan alimlər var.
Beləliklə, Ordubad təhsilinə doğru açılan pəncərədən keçmişə boylanıb bu günün qapılarını açırıq. Sonsuz bir maraqla “Bu günümüzdə nələr var?”– deyib  yolumuzu rayonun  geniş, işıqlı siniflərlə, ən müasir avadanlıqlarla təchiz edilən məktəblərindən salır, təhsil işçiləri ilə, gənc, qocaman pedaqoqlarla rayon təhsilinin indiki vəziyyəti, perspektivlər, vəzifələr haqda söhbət açır, müəllim fikrinin, müəllim düşüncəsinin işıq saldığı məsələləri müzakirə edirik.
Uzun illər uşaqlara “Riyaziyyat” fənninin sirlərini öyrətmiş təqaüdçü müəllim Şəhrud İsmayılov söhbət zamanı öz təcrübəsindən yola çıxaraq deyir ki, səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Hər bir müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri-peşəkarlıqdır. Müəllim elə bir insan – mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Təsadüfi deyildir ki, xalq belə bir deyim formalaşdırıb: “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”. Qeyd edim ki, pedaqoji əmək ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı, etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun da böyük rolu vardır. Müəllim şagirdlər, öz həmkarları və valideynlər arasında yüksək nüfuza malik olduqda onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu söyləmək olar. Müəllimin nüfuzu onun mənəvi statusudur. Pedaqoji nüfuz isə müəllimin mənəvi-etik və psixoloji-pedaqoji hazırlığından çox asılıdır. Onun səviyyəsi müəllimin biliyinin dərinliyi, ustalığı, işə və iş yoldaşlarına münasibəti, ümumi hazırlığı, ictimai fəallığı, valideynlərlə işləmək metodu, məişətdə davranışı və digər amillərlə müəyyən edilir. Sevindirici haldır ki, rayon məktəblərində təlim-tərbiyəsi etibar olunan uşaqların gələcək taleyi üçün yüksək mənəvi məsuliyyət nümayiş etdirən müəllimlərimiz çoxdur.
“Nəzəriyyə təcrübəsiz, forma məzmunsuz fayda verməz. Muxtar respublikada müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Bu nailiyyətlər müəllimlərimizin ixtisasartırmasına da öz müsbət təsirini göstərir”. Bunu Ordubad Rayon Təhsil Şöbəsinin müdiri  İlqar Həsənov deyir. O qeyd edir ki, muxtar respublika təhsilində əsas istiqamətlərdən biri də müəllim hazır­lığı ilə əlaqədardır. Müəllim hazırlığı üzrə aparılan işlər hazırlığın müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması məsələlərini əhatə edir. İndi Ordubadda təhsilə göstərilən dövlət qayğısı, qazanılan nailiyyətlər haqqında ən yaxşı sözləri işlətmək olar. Çünki hər bir sözün arxasında ali təhsil ocağından fərqlənməyən məktəb binası, hər bir ifadənin təməlində nailiyyət, uğur dayanır. İlqar Həsənov bildirir ki, hazırda rayonda 33 tam orta məktəb, 3 ümumi orta məktəb, 1 ibtidai məktəb fəaliyyət göstərir. Məktəblərdə 4 min 880 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 820 nəfər müəllim məşğul olur. Bu il orta məktəblərdən 440 nəfər məzun olub, 327 nəfər ali təhsil almaq üçün sənəd verib, 161 nəfər müvəffəqiyyət qazanıb. Builki qəbul imtahanlarında rayon məktəblərindən məzun olmuş 22 abituriyent 500-700 intervalında, 9 nəfər 600-dən yuxarı nəticə göstərib. Rayon üzrə 672 balla ən yüksək nəticəni ucqar dağ kəndi Unus kənd məktəbinin məzunu Rukiyyə Tağısoy əldə edib.  
Rayonun Gənzə kəndində istifadəyə verilən məktəb binasının açılış mərasimindəki çıxışında müdriklərin “Bir ölkə­nin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmalısan” fikrini xatırladan Ali Məclisin Sədri bildirib ki, milli-mənəvi dəyərlərə sahib təhsilli gəncliyi olan ölkənin gələcəyi parlaq olur. “Blokada şəraitində yaşayan Naxçıvanda təhsil sahəsində həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, dövlətimiz tərəfindən bu sahəyə göstərilən qayğı tükənməzdir”, – deyən Ali Məclisin Sədri qeyd edib ki, yaradılan şəraitin müqabilində məktəblərimizdə təhsilli, vətənpərvər, müasir dünyagörüşə malik olan gənclər yetişdirilməlidir. Şagirdləri ölkəmizin gələcəyi üçün əsl vətəndaş kimi hazırlamaq müəllimlərin qarşısında duran əsas vəzifədir.
Ordubadın təhsil işçiləri muxtar respublika rəhbərinin onlar qarşısında qoyduğu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
“Əgər düzgün fikri tez-tez təkrar etsən, o, öz təsir gücünü itirər”, – deyirlər. Ancaq Ordubad rayonunda  təhsilin inkişafına göstərilən dövlət qayğısını, əldə olunan uğurları, təhsil işçilərinin fədakarlığını gördükdən sonra, necə deyərlər, fikir haqqında söylənən bu fikirlə razılaşa bilmirəm. Çünki rayonda  gördüklərimdən sonra məndə “Gələcəyimiz parlaqdır, işıqlıdır” fikri formalaşıb. Bu fikri isə nə qədər  təkrar etsəm,  öz təsirini itirə bilməz. Fikirlərimin arxasında konkret faktlar dayanır.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR