22 Dekabr 2024, Bazar

Ötən tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş medala layiq görülən məzunlara medallar təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik edib, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilib, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub.

Qeyd edilib ki, ötən tədris ilində muxtar respublika məktəbliləri bir sıra müxtəlif müsabiqə və bilik yarışlarında, eləcə də fənn olimpiadalarında iştirak edərək uğurlu nəticələr əldə edib, respublika fənn olimpiadalarında iştirak edən məktəblilərdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla, ümumilikdə, 24-ü medala layiq görülüb. Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-2020-ci tədris ili də uğurlu olub, məzunlardan 275-i 500-700 arası bal toplayıb, onlardan 145-i, yaxud 53 faizi muxtar respublikanın ali təhsil müəssisələrinə qəbul olub.
Vurğulanıb ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş nişanlarla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu il də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 17-si qızıl və 17-si gümüş nişana, 34-ü isə fərqlənmə attestatına layiq görülüb.
Təhsil naziri qeyd edib ki, ölkə üzrə qızıl nişan alanların 14 faizi, gümüş nişan alanların isə 22 faizi muxtar respublika ümumtəhsil müəssisələrinin məzunları olub. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qızıl nişana layiq görülən məzunların hamısı 600-dən yuxarı, gümüş nişana layiq görülən məzunlar isə 500-700 arası bal toplayıblar. Qızıl və gümüş nişanlara layiq görülmüş məzunlar tədris müddəti keçirilmiş fənn olimpiadalarında da yüksək nəticələr əldə edib, qızıl nişana layiq görülən şagirdlərdən 5-i, gümüş nişana layiq görülənlərdən isə 2-si respublika fənn olimpiadasının qalibi olublar.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov yaradılan yüksək təhsil şəraitindən, təhsil işçilərinə, xüsusən də gənclərə göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, ötən tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərini 584 məzun bitirib, onların 504-ü ali məktəblərə, 60 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd verib. Məzunlardan 68-i 500-700 intervalında bal toplayıb, 2-si respublika fənn olimpiadasının qalibi olub, 4 nəfər “Qızıl”, 4-ü isə “Gümüş” medala, 11 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb.
Təqdimat mərasimində Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin məzunu, qəbul imtahanlarında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olan, qızıl nişana layiq görülən Nəriman Həsənov çıxış edərək ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq nişanlarla təltif olunan məzunların yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd edib və yaradılan bu şəraitə görə məzunlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara nişanlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR