Naxçıvan Dövlət Universitetində növbəti vebinar keçirilib. “LCD işıqlandırma vahidi üçün optiklər” adlı vebinarı Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər keçib. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbir iştirakçılarını salamlayıb, vebinarın işinə uğurlar arzulayıb.
Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib, LCD işıqlandırma vahidi üçün optiklər, panellərin arxa işıqlandırılması haqqında slaydlar vasitəsilə danışıb. Vebinarda həmyerlimiz dünyada ilk dəfə işıqla yönləndirilən optik mikroreflektorlu və mikrodeflektorlu optik lövhələrin, məişətimizə geniş daxil olan texnologiyaların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı kimi öz kəşfləri haqqında ətraflı məlumat verib. Alim tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Xəlil Kələntər işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoda görə xüsusi mükafat, 2016-cı ildə Yaponiya Maye Kristal Cəmiyyətinin xüsusi “Texnoloji İnkişaf Mükafatı” alıb. Xəlil Kələntər apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda Amerika və Avropada da yaxşı tanınır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində 3 kitabın, həmçinin elektronik displeylə bağlı olan yapon və ingilis dillərində nəşr edilən 11 kitabın həmmüəlliflərindən biridir.
Səadət ƏLİYEVA