22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub. Memarlıq və mühəndislik fakültəsinin önündə təşkil edilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışıb, yeni tədris ilinə hazırlıqla bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, ənənəvi tədris üsulları ilə bərabər, müəllimlər LMS (Learning Management System – Öyrənmənin idarəolunması sistemi) vasitəsilə öz mühazirə mətnlərini, dərs materiallarını şəxsi kabinetlərində yerləşdirib, müəyyən səbəbdən dərslərdə iştirak edə bilməyən tələbələrin bu istiqamətdə faydalanmaları üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, 2020-2021-ci tədris ilində bakalavr səviyyəsi üzrə 63 ixtisas üzrə 1200 nəfər, magistratura səviyyəsi istiqamətində isə 77 ixtisaslaşma üzrə 248 tələbə qəbul planı təsdiq olunub. Bildirilib ki, Naxçıvan ali təhsil müəssisələri içərisində ilk dəfə tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası üçün 15 qəbul yeri nəzərdə tutulub.


Qeyd edilib ki, universitet xarici tələbələrin qəbulu sayına görə də ölkə universitetləri arasında öz öncüllüyünü qoruyub saxlayır. Bu tədris ilində 273 əcnəbi tələbə Naxçıvan Dövlət Universitetini seçib. Rektor ümumuniversitet ərazisini bütünlüklə əhatə edən abadlıq-quruculuq, təmir-bərpa işlərindən danışıb, müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

***

“Naxçıvan” Universitetində keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından və mövcud pandemiya ilə əlaqədar olaraq dərslərin keçilməsinin yeni qaydalarından danışıb. 

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun və Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin çıxışları dinlənilib. 
Bildirilib ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2020-2021-ci tədris ilində burada 1300-dən artıq tələbə təhsil alacaq, 20 bakalavr, 9 magistr ixtisası üzrə mütəxəssis hazırlığı aparılacaq. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Mövcud pandemiya ilə əlaqədar olaraq ali təhsil ocağında tələbələrin sağlamlığının qorunması və ali təhsil ocağında dezinfeksiya işlərinin mütəmadi şəkildə aparılması diqqətdə saxlanılır.

Seyfur HACIMURADOV

***

Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib. Tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təbrik edib. Rektor bildirib ki, yeni tədris ilində də institutumuzda tədrisin yüksək səviyyədə aparılması, professor-müəllim heyətinin, eləcə də tələbələrin sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görülüb. Dövlətimizin təhsilə olan yüksək qayğısı nəticəsində institutumuz bütün maddi-texniki imkanlarla təmin olunub.
2020-2021-ci tədris ilindən institutda bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslara qəbul elan edilib. Yeni tədris ilində bakalavriat səviyyəsi üzrə 16, magistratura səviyyəsi üzrə 4, doktorantura səviyyəsi üzrə 5 ixtisas üzrə kadr hazırlığı aparılacaqdır. Hazırda magistr səviyyəsi üzrə qəbulun birinci mərhələsi başa çatıb. İlkin olaraq qəbul faizi 95 faiz olmuş, 85 faiz (41 nəfər) qeydiyyatdan keçib. Bakalavriat səviyyəsi üzrə isə qəbul planı 430, doktorantura üzrə qəbul planı 16 nəfərdir.
Hazırda institutda birinci kurslar istisna olunmaqla, 945 bakalavr, 25 magistr, 3 doktorant təhsil alır. Qəbulun nəticəsindən asılı olaraq builki tələbə sayının 1500-ə yaxın olması proqnozlaşdırılır. Tədris qruplarının sayı bakalavriat səviyyəsində 71, magistratura səviyyəsində 7 olacaqdır.
Rektor ali təhsil ocağındakı müasir tədris şəraiti haqqında məlumat verərək yeni tədris ilində professor-müəllim heyətinə və tələbələrə uğurlar arzulayıb.
Tədbirdə İxtisasartırma və yenidən hazırlanma üzrə prorektor Çapay Quliyev və Tədris şöbəsinin müdiri Əhruz Mahmudova çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik ediblər.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR