Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqəti çəkən görünüşü ali təhsil ocaqlarının binalarından heç də seçilməyən məktəblər olur. Bu təhsil ocaqları geniş sinif otaqları, laboratoriyaları, fənn kabinələri, elektron lövhəli otaqları, kompüter sinifləri, müasir idman zalları ilə şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilib. Muxtar respublikanın ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük qayğı olmaqla şagirdlərin elm, bilik dünyasına aparan yollarını aydınladır, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimul yaradır, öz intellekti ilə xalqına, cəmiyyətinə daha çox fayda vermək istəyənlərin sayı ilbəil artır. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə yüksəlir. Tələbə adını qazananların səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. Qədim mədəniyyəti, tarixi ilə tanınan Şərur rayonu da Azərbaycan xalqına bir çox alim, yazıçı, dövlət xadimi bəxş edib. Bu gün də bu ənənə davam etdirilir, gənc nəsil nurlu sabahımıza doğru inamla irəliləyir. Hər il olduğu kimi, bu il də tələbə adının sevincini yaşayan gənclərimiz öz seçdikləri ixtisas üzrə təhsil almağa, qədim diyarımızın inkişafına töhfələr verməyə tələsirlər. Şərur rayonunda ötən illərdə olduğu kimi, 2019-2020-ci tədris ilində də yüksək nəticələr əldə edilib. Rayonun tam orta məktəblərini bitirən 524 məzundan 471-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib, 45 nəfər 500-700 arası bal toplayıb ki, onlardan da ikisi ötən ilin məzunudur.
Qəbul imtahanlarında yüksək bal toplayan məzunlardan bir neçəsi ilə həmsöhbət olduq.
Günəş Babayeva Şərur rayon Tənənəm kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək ali məktəblərə qəbul imtahanlarında iştirak edib. O, III ixtisas qrupu üzrə 621 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni qazanıb. Günəşin dedikləri:
– Kəndimizin məktəbində bizim yaxşı təhsil almağımız üçün hər cür şərait var. Mənim isə ən böyük arzum savadlı hüquqşünas olmaq idi. Çünki bu sahəni seçənlər həyatlarını insanların hüquqlarının müdafiəsi kimi müqəddəs bir mərama həsr edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər? Sevinirəm ki, qəlbimdəki istəyimə qovuşacağam. Hər il Ali Məclis Sədrinin yüksək bal toplayan abituriyentlərlə görüşü olur. Səbirsizliklə bu görüşü gözləyirəm. Mənim kimi ali məktəb tələbəsi adını qazanan bütün məzunlar adından bu uğurları əldə etdiyimiz üçün bizə daim qayğı göstərən dövlətimizə minnətdaram. Çalışacağam ki, bu qayğıya cavab olaraq universitetdə də nümunəvi tələbələrdən olum. Ali təhsilimi müvəffəqiyyətlə başa vurandan sonra müstəqil Azərbaycanın gənc hüquqşünası kimi qanunun aliliyini qoruyacağam.
Nərmin Rzayeva: – Şərur şəhər 2 nömrəli tam orta məktəbi bitirmişəm. IV ixtisas qrupu üzrə 620 bal toplamışam. Məzunu olduğum tam orta məktəb müasir təhsil ocaqlarından biridir. Mən də uğur qazanan hər bir şagird kimi bu qayğılardan, yaradılan şəraitdən bəhrələnmişəm. Bu ilin mart ayından pandemiya ilə əlaqədar, bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsildə müəyyən fasilə yaransa da, dərslərimizin onlayn şəkildə tədrisi uğurla davam etdirilirdi, müəllimlərimiz suallarımızı virtual şəkildə cavablandırır, yeni mövzuları onlayn şəkildə əhatəli izah edirdilər. Bütün bunların sayəsində təhsildən geri qalmadıq. Dərslərimizi vaxtlı-vaxtında tədris edən müəllimlərimizin sayəsində imtahanda yüksək nəticə qazandıq. Onu da deyim ki, orta məktəb illərindən bilik yarışlarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, yüksək nəticələr göstərmişəm. Qazandığım biliklər ali məktəblərə keçirilən qəbul imtahanında yaxşı nəticə əldə etməyimə səbəb olub. Seçəcəyim ixtisasa gəldikdə isə ən böyük arzum həkim olmaqdır. Həkimlik qədim və müqəddəs peşədir. Mən də insanların ayrılmaz dostu olan bu peşə sahibləri kimi, daim onların sağlamlıqları keşiyində dayanmaq istəyirəm. Bu arzumun reallaşacağına inamım böyükdür.
Jalə Məmmədova rayonun Qorçulu kənd tam orta məktəbinin məzunudur. O, IV ixtisas qrupu üzrə 615 bal toplayıb. Jalənin də ən böyük arzusu həkim olmaqdır. O deyir:
– Seçdiyim sahənin nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edirəm, bu yolda uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu yolu uğurla keçib biliyimlə, fəaliyyətimlə xalqımıza xeyir verəcəyim günlər isə ən xoşbəxt çağlarıma çevriləcək. Seçimim, əlbəttə ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi olacaq. Yurdumuzda yüksək səviyyədə təhsil üçün hərtərəfli şərait yaradılıb. İnanıram ki, ali təhsilimi burada uğurla başa vurub, səhiyyə ocaqlarımızda çalışan həkimlərimizlə çiyin-çiyinə işləyib, yurdumuzdakı təhsilin, səhiyyə xidmətinin necə yüksək səviyyədə olduğunu sübuta yetirəcəyəm.
* * *
Muxtar respublikamızın sərhəd bölgəsi olan Sədərək rayonunda da təhsilə göstərilən dövlət qayğısı nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunanların sayı artır. Rayonda fəaliyyət göstərən tam orta məktəblərin məzunları ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyətlə iştirak ediblər.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Natiq Qasımov: – Cəbhə bölgəsində düşmənlə üz-üzə yaşayan, sinif otaqlarının pəncərələrindən düşmən postlarını görən, ordumuzun müdafiə qüdrəti, təhsilin inkişafı üçün yaradılan müasir şərait sayəsində sədərəkli məktəblilər yaxşı oxuyur və qəbul imtahanlarında yüksək nəticə göstərərək müəllim və valideynlərini sevindirirlər. Bu şəraitdən bəhrələnənlərdən biri olduğum üçün çox xoşbəxtəm. Müəllimlərimizin əməyinin nəticəsidir ki, mart ayından ənənəvi tədrisə müvəqqəti fasilə verilməsinə baxmayaraq, dərslər onlayn şəkildə davam etdirilib, təhsildən geri qalmamışıq. Qatıldığım intellektual yarışlarda, həmçinin fənn olimpiadalarında nailiyyətlər əldə etmişəm. 2017-2018-ci tədris ilində keçirilən muxtar respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə 1-ci yerə layiq görülmüşəm. Sonrakı illərdə də uğurlarım az olmayıb. Buraxılış imtahanında 208,1, qəbul imtahanında 307,2, ümumilikdə, 515 bal toplayaraq yüksək nəticə göstərməyim hədsiz sevincimə səbəb oldu. Seçimim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İqtisadiyyat ixtisası olacaq.
Natiq onu da deyir ki, ölkəmizdə insan amilinə, təhsilə ciddi dəyər verilir. Uğurlarımızın təməlində, ilk növbədə, dövlət qayğısı dayanır. Məktəbimizdə şagirdlərin müasir informasiya texnologiyalarının sirlərinə mükəmməl yiyələnmələri üçün hər cür şərait vardır. Müasirtipli kompüterlər, elektron lövhəli sinif otaqları şagirdlərin ixtiyarına verilib ki, bu da təhsildə keyfiyyət dəyişikliklərinə zəmin yaradıb. Öhdəmizə düşən yaxşı təhsil alıb gələcəkdə çalışacağımız işdə dövlətimizə yararlı olmaqdır.
Sədərək kənd 2 nömrəli tam orta məktəbdən məzun olan Səkinə Əlirzayeva 512 bal toplayıb. O, Naxçıvan Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasını seçməyi qərarlaşdırıb. “Siz də gələcəkdə müəllim olacaqsınız. Yaxşı müəllimi necə təsəvvür edirsiniz?” – sualına cavabında Səkinə dedi ki, bunun üçün, ilk növbədə, vətənpərvər olmalısan. Vətənpərvərlik ən ali dəyərdir. Vətənə sevgi hər bir insana hələ orta məktəbdən aşılanır. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq. Tələbə adını qazanmaqla iş bitmir. Qarşıda daha məsuliyyətli bir dövr vardır. Daha çox oxumaq, öz üzərində işləmək lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimləri bundan sonra da sevindirim.
Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Nurtən Dünyamalıyeva:
– Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə muxtar respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təhsil müəssisələri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil aldığım məktəb də bunlardan biridir. Məktəbdə yeniyetmə və gənclərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarını bitirən məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də bu qayğılardan bəhrələnənlərdən biriyəm. Sınaq imtahanlarında, müxtəlif bilik yarışlarında bir sıra uğurlar qazanmışam. Bir çox şahmat müsabiqələrində və eləcə də rayon, məktəb tədbirlərində iştirak etmiş, müxtəlif diplom və fəxri fərmanlara layiq görülmüşəm. Buraxılış imtahanında 175,8 bal, qəbul imtahanında isə 313,4 bal, ümumilikdə, 489 bal toplamışam. Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını seçərək müəllim olmaq arzusundayam.
Sərcan Ağazadə Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin məzunudur. O deyir: – İbtidai sinifdə oxuduğum vaxtlardan dəqiq elmlərə böyük marağım olub. Bunun nəticəsidir ki, sınaq imtahanlarında bir çox uğurlar qazanmışam. Muxtar respublikamızda keçirilən bilik yarışlarında diplom və fəxri fərmanlarla təltif edilmişəm. Qəbul imtahanında isə 486 bal toplamağa nail olmuşam. İxtisas seçimi zamanı İnformasiya təhlükəsizliyi ixtisasını seçmək arzusundayam. Seçəcəyim ixtisas haqqında maraqlandım və öyrəndim ki, ölkəmizdə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə böyük tələbat var. Mən də yaxşı təhsil alıb Vətənimizin inkişafına gələcəkdə öz töhfəmi verməyə çalışacağam.
Ölkəmizdə ulu öndərin əsasını qoyduğu təhsil siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir, təhsil infrastrukturu yenilənir. Bütün bu işlər isə diyarımızın blokadada olduğu, dünyanı iqtisadi böhranın bürüdüyü bir dövrdə görülür. Bu isə sübut edir ki, dövlətimiz hər an xalqımızın işıqlı sabahı olacaq gələcək nəslin, onların yaxşı təhsil alması üçün gərgin əmək sərf edən təhsil işçilərinin yanındadır. Və bütün bunlar qəlbimizdə fərəh hissi doğurmaqla yanaşı, bizdə bu inamı daha da qüvvətləndirir: Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim torpağımız Naxçıvanın təhsil uğurları ildən-ilə artacaq, övladlarımızın sorağı respublikamızın, dünyanın sayılıb-seçilən ali məktəblərindən gələcək.
- Ramiyyə ƏKBƏROVA