22 Dekabr 2024, Bazar

Bu gün ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikamızda təhsilin inkişafı əsas prioritet istiqamətlərdəndir. Diyarımızda təhsil quruculuğu sahəsində görülən işlər nəticəsində müasir təhsil infrastrukturu yaradılıb, yüksəkixtisaslı kadr hazırlığı işi yeni yanaşmanı əhatə edib. Dövrün tələbləri ilə uzlаşаn təhsil islаhаtlаrının həyаtа kеçirildiyi muxtar respublikamızda bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, diyarımızın istedadlı gəncləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayırlar.

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər sırasında tələbə adını qazanan İnci Şirinova da var. O, 590 bal toplayaraq müəllimlərinin etimadını doğruldub. Tələbə olmaq sevincini yaşayan İnci ilə redaksiyamızda həmsöhbət olduq. O bildirdi ki, sevincinin həddi-hüdudu yoxdur. Bu sevincə orta təhsil aldığı Naxçıvan şəhərindəki Qızlar Liseyinin kollektivi, valideynləri, qohum-əqrəbası da qoşulub: Onlara bu sevinci yaşadacağıma əmin idim. Bu əminliyi məndə liseyimizin müəllimləri, buradakı şərait yaratmışdı. Geniş sinif otaqları, zəngin laboratoriyalar və kitabxana, idman zalı hər bir şagirdə yaxşı təhsil almağa imkan verib. Bütün bunlar dövlətimizin ölkəmizdə, muxtar respublikamızda təhsilin inkişafına göstərdiyi qayğının ifadəsidir. İlboyu məktəbdə dərs məşğələləri ilə yanaşı, dərsdənkənar hazırlıqların, tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərin, bilik yarışlarının, viktorinaların, test-sınaq imtahanlarının, oxunması zəruri olan kitabların müzakirələrinin şagirdlərin elmlərin sirlərinə yaxından yiyələnmələrində böyük rolu da danılmazdır. Liseyi yüksək qiymətlərlə başa vurmağımız və ali məktəblərə qəbul olunmağımız üçün müəllimlərimizin çəkdiyi zəhməti isə heç vaxt unutmaq olmaz. Artıq həyəcanlı günlərimiz arxada qalıb. Qəbul imtahanları başa çatıb. Mən III qrupda biliyimi sınayaraq 590 bal topladım. Bu yüksək nəticəyə nail olmağımda müəllimlərimin əməyini xüsusi qeyd etməklə liseyimizin pedaqoji kollektivinə valideynlərim, həmçinin tələbə adını qazanmış məzun yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Bütün gənclərə arzum odur ki, muxtar respublikamızda yaxşı təhsil almaq üçün yaradılan şəraitdən lazımınca istifadə etsinlər. Bu halda tələbə olmaq arzusuna çatmaq heç də çətin deyil.


Builki qəbul imtahanlarında uğurlu nəticə göstərənlərdən biri də Ruzi Novruzludur. Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin məzunu olan Ruzi III qrupa qəbul imtahanında 550 bal toplayaraq valideyn və müəllimlərini sevindirib. O, ədəbiyyat və tarix kimi humanitar fənlərə böyük maraqgöstərən gəncdir. Məhz elə bu marağın nəticəsidir ki, muxtar respublikada təşkil edilən Tarix fənni üzrə olimpiadalarda, məktəblilər arasında keçirilən bilik yarışlarında iştirak edərək bir sıra nailiyyətlər əldə edib. Təhsil aldığı məktəbdə fəallığı və istedadı ilə seçilən Ruzi, həm də sınaq imtahanlarında, xüsusilə pandemiya dövründə təşkil edilən onlayn imtahanlarda da yüksək nəticələr göstərib. Ruzi məktəbdə qazandığı təhsildən əlavə boş vaxtlarını idmanla məşğul olmaqla, mütaliə ilə oxumaqla keçirir. Valideynlərinin onun həmişə böyük dəstəkçisi olduğunu deyən Ruzi müəllimlərinin də əməyini unutmur, onun üzərində çəkdikləri əziyyətə görə onlara minnətdarlıq edir. O, ali təhsilini Naxçıvanda davam etdirmək istəyir. Ali məktəblərə ixtisas seçimində Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçmək niyyətində olan müsahibim bunu belə əsaslandırır: – Hüquqa və sosial araşdırmaya marağım məktəb vaxtlarından yaranıb. Çox geniş fəaliyyət sahəsi olduğuna görə bu sahədə çalışanlar hüquq müdafiəçisi kimi vəzifəsindən asılı olmayaraq, fiziki və hüquqi şəxslərin hüquq və mənafelərini qorumalı, onların müdafiəçisinə çevrilməli, öz işini vicdanlı, ədalətli şəkildə yerinə yetirməlidir. Mən böyük məsuliyyət tələb edən bu işin öhdəsindən gələcəyimə inanıram.
Müsahiblərimizin özünəinamı və çalışqanlığı onu deməyə əsas verir ki, onlar istər tələbəlik illərində, istərsə də sonrakı həyatlarında daha böyük uğurlar qazanacaq və parlaq gələcəyi yaratmağa qadir gənclərimizdən olacaqlar.

- Güntac ŞAHMƏMMƏDLİ
- Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR