22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrinə alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin 8-18 iyun tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 5-i alman dili müəllimliyi, 55-i isə digər vakant vəzifələrə uyğun olmaqla, 60 nəfər işə qəbul olmuşdur.
Dünən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində gənclərin yaxşı təhsil alması, onların sağlam, vətənpərvərlik ruhunda yetişmələri üçün zəruri şərait yaradılır.

Nazir bildirib ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin edilməsinə isə xüsusilə diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində xarici dil olaraq alman dilinin tədrisi mümkün olan məktəblərdə dərs yükü araşdırılıb, ümumilikdə, Alman dili ixtisası üzrə 20, müxtəlif vəzifələr üzrə 120 vakant vəzifə müsabiqəyə çıxarılıb. Nəticələrə görə, 5 nəfər alman dili müəllimliyi üzrə, 55 nəfər isə müxtəlif vəzifələr üzrə işə qəbul olunub.

Nazir qeyd edib ki, dünyanın müxtəlif dillərindən istifadə olunması həyati zərurətə çevrilmişdir. Belə bir zərurət isə təhsil müəssisələrinin, ilk növbədə, ümumtəhsil məktəblərinin üzərinə ciddi vəzifələr qoyur. İkinci xarici dil fənninin “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə uyğun olaraq hazırlanmış tədris planına salınması da məhz bu vəzifədən irəli gəlir. 

Sonra Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edib, onlara yeni vəzifələrində uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Heyran Əhmədova yeni işə təyin olunan kadrlara əmək funksiyaları ilə bağlı hər bir vəzifə haqqında ümumi məlumat verib. Qeyd edilib ki, 2019-2020-ci tədris ilində savadlı gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılıb və ümumtəhsil müəssisələrində yaranan boş yerlər vakant olaraq müsabiqəyə çıxarılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə ən yüksək nəticə göstərən kadrlar yeni tədris ilindən fəaliyyətə başlayacaqlar.
Sonra çıxış edən Röya Məhərrəmova həyata keçirilən təhsil siyasətinə və gənclərə göstərilən yüksək qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə yeni işə təyin edilən gənc kadrlara Təhsil Nazirliyi tərəfindən təlimat materialları verilib.
Gənc kadrlarla görüşdən sonra onlara ümumtəhsil müəssisələrində üzərlərinə düşən vəzifələrlə bağlı seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR