Bu günlərdə yeni dərs ilinə yaxınlaşdıqca keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlər haqqındakı xəbərlər də gündəmi çox məşğul edir. Muxtar respublikamızın məktəblərindən ard-arda gələn xoş xəbərləri eşitdikcə tələbələrin, eləcə də onların müəllim və valideynlərinin sevincinə şərik oluruq. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin builki məzunları ilə görüşümüz də belə sevincli anlarla yadda qaldı.
Heydər Əliyev adına məktəb muxtar respublikamızın aparıcı təhsil ocaqlarından biri kimi təkcə Naxçıvanda deyil, ölkə miqyasında da tanınmaqdadır. Bu məktəbdə təhsil almaq hər bir şagirdin arzusu olduğu kimi, buradan yüksək nəticələrlə məzun olmaq da qürurvericidir. Məktəbdən aldığımız məlumata əsasən bu il məzun olmuş 60 nəfər şagird I-V qruplar üzrə ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onların hamısı keçid balını üstələməklə 11 nəfəri 500, 4 nəfəri isə 600 baldan yuxarı nəticə ilə hamını sevindirib.
Məktəbin builki məzunlarından İlham Hüseynquliyev I qrup üzrə imtahan nəticələrinə görə təkcə bu təhsil ocağının deyil, eləcə də muxtar respublikamızın yetirmələri arasında birinci nəticə göstərib. O topladığı 692 balla bütün məktəb kollektivinin gözlədiyi ümidləri doğruldub. Müəllimlərindən və sinif yoldaşlarından təbrikləri qəbul edən İlhamla söhbətimizdə o bitirdiyi məktəbin tarixində də ən yüksək nəticə toplamaqla qürur duyduğunu bildirdi. Ziyalı ailəsində böyümüş gənc fizika-riyaziyyata həmişə böyük maraq göstərib, bu fənn üzrə olimpiadalarda yüksək nəticə əldə edib. Onun fikrincə bu fənlərə maraqgöstərən hər bir insanın müşahidə və təhlil keyfiyyətləri üstün olur, əzbərçiliyə də ehtiyacı qalmır. Gələcəkdə avtomatika mühəndisi olmağı arzulayan abituriyent bunun üçün artıq seçimini etdiyini də bildirdi. İngilis dilini daha yaxşı öyrənməyə, şahmata maraqgöstərən gənc özündən kiçik məktəb yoldaşlarına oxuduqları Heydər Əliyev adına məktəbin adını hər yerdə uca tutmağı, məsuliyyətli olub daha çox çalışmağı, asudə vaxtı da səmərəli keçirməyi tövsiyə etdi.
Allahverdi Sayılov 662 balla IV ixtisas qrupu üzrə yüksək nəticə göstərib. Həkim olmaq arzusu ilə çalışdığını bildirən Allahverdi bu məktəbdə təhsil aldığına görə özünü çox xoşbəxt saydığını bildirdi. Sadə bir ailənin övladı olduğunu deyən gənc abituriyent məqsədə çatmaq üçün ona müəllimlərinin həmişə onlarla sıx ünsiyyətdə olduğunu, xüsusən son dövrlərdə onlayn dərslər zamanı mövzuların proqram üzrə mükəmməl mənimsənilməsində müəllim tələbkarlığının nə qədər əhəmiyyətli olduğunu bildirdi. Ən çox kimya fənnini sevdiyini, imtahan suallarında da bu fənn üzrə yüz faizlik nəticə göstərdiyini qeyd etdi. Bütün uğurlarına görə valideynlərinə və oxuduğu Heydər Əliyev adına məktəbin müəllimlərinə borclu olduğunu deyən Allahverdi tələbəlik illərində də daha xoş sədalarının gəlməsinə çalışacağını dedi.
Nərmin Zeynalova ziyalı ailəsində böyüyüb. O, IV ixtisas qrupu üzrə imtahanlardan 647 bal toplamaqla qarşısına qoyduğu məqsədə çatdığını deyir. Birinci sinifdən oxuduğu Heydər Əliyev adına məktəbin həyatında dərin iz buraxdığını qeyd edərək ona dərs demiş müəllimlərə minnətdarlıq etdi. Həkim olmaq arzusunda da müəllimlərinin böyük rolu olduğunu deyən Nərmin artıq seçimini etdiyini bildirdi. Xarici dilləri öyrənməyə və musiqiyə də marağı olan gənc abituriyent gələcəkdə intellektli mütəxəssis olmaqla, ölkəsinə, Vətəninə daha çox fayda verməyi qarşısına məqsəd qoyduğunu dedi.
Heydər Əliyev adına məktəbin II ixtisas qrupu üzrə imtahanlarda ən yüksək nəticə göstərmiş məzunu Elvin Quliyev 619 bal toplayıb. O coğrafiya fənnindən yüz faiz nəticə göstərib. Gələcəkdə iqtisadçı olmağı, biznesin idarə edilməsi ixtisası üzrə mütəxəssis kimi çalışmağı arzuladığını bildirdi. Yaxşı karyera qurmaq üçün o, qarşısına yüksək hədəflər də qoyub. Heydər Əliyev adına məktəbdə qazandığı uğurları ali məktəbdə də davam etdirəcəyini deyən Elvin iqtisadiyyat təhsilindən əlavə olaraq xarici dillərə də maraqlı olduğunu qeyd etdi. Onun fikrincə, hər bir insan əgər qarşısına konkret hədəflər qoyubsa, o, mütləq bunlara çatacaq. Əgər bu hədəflər təhsildədirsə, bunun üçün indi hər bir imkan və şərait yaradılıb.
Bəli, artıq müstəqil həyatın ilk astanasında olan bu xoşbəxt gənclərlə qısa söhbətimizdə onların nə qədər intellektli, nə qədər gələcəyə həvəsli olduqlarını qəti şəkildə deyə bilərik. Bu gənclər imtahanlarda uğur qazanmış çox sayda həmyaşıdları kimi muxtar respublikamızda onların təlim-tərbiyəsinə göstərilən yüksək dövlət qayğısını həmişə hiss etdiklərini minnətdarlıqla qeyd edib, bunun məsuliyyəti altında gələcəkdə də seçdikləri peşə və sənətdə daim yüksək hədəflərə çatmaq üçün çalışacaqlarını, Azərbaycanın layiqli vətəndaşı olacaqlarını bildirdilər.
- Əli CABBAROV