24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində Naxçıvan ərazisində aparılan arxe­oloji araşdırmalarla bağlı dördüncü hesabat toplantısında bölmənin sədri, akademik İsmayıl Hacıyev gələn il Naxçıvan şəhəri ərazisində arxeoloji araşdırmaların aparılması imkanlarının nəzərdən keçirildiyini deyib.
“Ərəbyengicədə arxeoloji araşdırmalar – 2013” adlı hesabat yığıncağını giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu il ərzində Naxçıvan ərazisində arxeoloji araşdırma aparan IV ekspedisiyanın da uğurlu nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bölmə sədri qeyd edib ki, həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xarabagilan” arxeoloji ekspedisiyası, həm Azərbaycan (Naxçıvan) – ABŞ, həm Azərbaycan (Naxçıvan) – Fransa, həm də AMEA Naxçıvan Bölməsinin Ərəbyengicə arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir. Təqribən 150 ilə yaxındır ki, Naxçıvan ərazisində arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda çoxlu abidələr var ki, öz tədqiqini gözləyir. Akademik İsmayıl Hacıyev Ərəbyengicə arxe­oloji ekspedisiyasının AMEA Naxçıvan Bölməsi tərəfindən bu il təşkil edilən yeganə müstəqil ekspedisiya olduğunu diqqətə çatdırıb.

Sonra Ərəbyengicə arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev slayd vasitəsi ilə ərazidə aparılan arxeoloji tədqiqatlar, əldə edilən maddi-mədəniyyət nümunələri və onların xarakterik xüsusiyyətləri barədə məlumat verib. O qeyd edib ki, indiyə qədər ən qədim mədəni təbəqəsinin Erkən Tunc dövrünə aid edildiyi Ərəbyengicədə aparılan arxeoloji tədqiqatların əsas məqsədlərindən biri burada Eneolit dövrünə aid mədəni təbəqənin olub-olmadığını araşdırmaq olub. 2009-cu ildə ərazidə ilkin arxeoloji kəşfiyyat işləri aparılıb. Bu il həyata keçirilən qazıntı işləri zamanı Eneolit dövrünə aid xarakterik keramika nümunələri, Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, məişət və bəzək əşyaları aşkara çıxarılıb. Tədqiqatların sonunda aşkara çıxarılan gil fiqur isə xüsusilə maraq doğurur. İlkin ehtimallara görə, bunun inanc sistemi ilə bağlı olduğu ehtimal edilir.
Hesabat yığıncağına yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev arxeoloji ekspedisiyanın təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova bölmə əməkdaşları adından minnətdarlığını ifadə edib. O da vurğulanıb ki, artıq növbəti ildə Naxçıvan şəhəri ərazisində arxeoloji tədqiqatların aparılması imkanları da nəzərdən keçirilir.   

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR