18 May 2024, Şənbə

Sağlam və savadlı insan hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Yüksək intellektli gəncliyə sərf olunmuş sərmayə isə ən doğru investisiya kimi bütün cəmiyyəti inkişafa qovuşduran əsas amillərdəndir. Bu mənada, istedadlı gənclərimizə göstərilən diqqət və qayğı, onların hərtərəfli yetişdirilməsi təhsilimizin ümumi uğuru kimi keçilən yolun da bir nailiyyətidir. Builki qəbul imtahanlarında yüksək nəticədə göstərərək 3-cü qrup üzrə muxtar respublika birincisi olmuş Siyavuş Bağırov da belə gənclərdəndir. 

Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin məzunu olan Siyavuşu qəzetimizin daimi oxucuları yəqin yaxşı xatırlayırlar. Hələ bir il əvvəl 2019-cu il 24 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncamı ilə Siyavuş Bağırovun da adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Şübhəsiz, ziyalı ailəsində böyüyən gənc bir şagird üçün bu, onun təhsil yollarında daha böyük uğurlara imza atması üçün ən böyük dövlət qayğısı olub. Artıq çəkilən zəhmət öz bəhrəsini verib və gənc Siyavuş bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərib və 665 balla həm valideynlərini, həm də bitirdiyi məktəbin müəllimlərini sevindirib.

Hazırda abituriyentlər üçün qarşıdan ixtisas seçimi mərhələsi gəlir və Siyavuş Bağırov da Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçmək niyyətindədir. Onunla söhbətində bildirir ki, onun bu arzusu dünyada gedən müasir prosesləri izləməsi ilə yanaşı, tarix fənninə olan marağından da yaranıb. Təsadüfi deyil ki, o, qəbul imtahanında bu fənn üzrə yüz faiz nəticə göstərib və dəfələrlə muxtar respublika və ölkə səviyyəli olimpiadaların qalibi olub. İstedad sahibi kimi Siyavuş humanitar fənlərdən başqa, dəqiq elmlərə və şahmata olan həvəsi ilə də fərqlənir. Sərbəst mütaliəni də çox sevən gənc istedad müxtəlif vaxtlarda keçirilən “Nuh yurdu”, “Xəmsə”, “Breyn-Rinq” oyunlarında dəfələrlə 1, 2, 3-cü yerləri tutub və təmsil etdiyi komanda 2019-cu ildə Azərbaycanda ilin ən yaxşı klubu olub. Siyavuşun uğurları arasında ilk dəfə qatıldığı “Sabahın alimləri” layihəsində onun kimi istedadlı sinif yoldaşı Araz Qulusoyla birlikdə doğma Naxçıvanı ilk dəfə təmsil edərək bürünc medal qazanması olub. Bütün bunlar isə Siyavuş Bağırovun tələbəlik illərində də uğur qazanacağına böyük ümid yaradır.

Təhsildə əldə olunan nəticələr hər bir gənci, onun ailəsini, yetişdiyi təhsil ocağını sevindirdiyi kimi, dövlətimizin də hər sahədə mütəxəssis olacaq milli kadrlar hazırlanması istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu bəhrəsidir. İnanırıq ki, bu gün Siyavuş Bağırov kimi gənc istedadlar da sabahın etibarlı qurucusu kimi bu yolun layiqli davamçısı olacaqlar.

Əli CABBAROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR