22 Dekabr 2024, Bazar

Artıq ali məktəblərə növbəti qəbul imtahanları yekunlaşmaq üzrədir. Bu dəfə də qəbul planı üzrə seçim edəcək olan abituriyentlər universitetlərimizdəki yeni ixtisaslara böyük maraq göstərirlər. Muxtar respublikamızın ən böyük ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetində yeni yaradılan İqtisadiyyat və idarəetmə fakültəsində yeni açılan İngiliscə iqtisadiyyat ixtisası da gənclər arasında böyük maraq doğurur. Şübhəsiz, dünya iqtisadiyyatında qlobal rəqabətin kəskinləşdiyi, ölkələr və firmalar arasında iqtisadi əlaqələrin dərinləşdiyi bir dövrdə işgüzar həyata daha yaxından inteqrasiya olunmaq üçün ingilis dilində iqtisadiyyat təhsili almaq istəyi də təsadüfi deyildir.

Müasir dünyada ölkələrarası iqtisadi-mədəni əməkdaşlığın genişləndirilməsi üçün ümumi kommunikasiya vasitəsi olan ingilis dilindən geniş istifadə edilir. Bunun səbəblərindən biri texnologiyanın inkişafıdırsa, digər bir səbəb beynəlxalq diplomatik, biznes və turizm əlaqələrində bu dilin ortaq istifadə olunmasıdır. Bu gün dünyada rəsmi dili ingilis dili olan ölkələrdən başqa, ABŞ-dan Çinə, Norveçdən Braziliyaya qədər geniş coğrafiyada bütün işgüzar əlaqələrdə ingiliscə hamının başa düşdüyü dil kimi istifadə olunur. Yaxud İngiltərə dövləti dövrümüzün ən böyük ittifaqı olan Avropa Birliyindən çıxsa da, burada təmsil olunan İrlandiyanın rəsmi dili kimi ingilis dili ümumi ünsiyyət vasitəsi olaraq qalmaqdadır. Hətta son illərdə MDB ölkələri çərçivəsində keçirilən müxtəlif məzmunlu beynəlxalq tədbirlərdə də ingilis dilinin rus dilinin əvəzinə ortaq dil kimi istifadə olunmasını müşahidə etməkdəyik. Ona görə də müasir dövrün tələblərinə əsasən sahib olduğu ixtisasa görə hər bir mütəxəssis ona lazım olan səviyyədə ingilis dilini mənimsəməklə siyasət, iqtisadiyyat, menecment, beynəlxalq hüquq, beynəlxalq mühasibat, bank, sığorta, tibb, turizm, jurnalistika, kompüter, aviasiya və avtomobil mühəndisliyi, aqrar elmlər və digər sahələrdə sərbəst olaraq dünyaya çıxış imkanı qazanır, internet resurslarından asanlıqla istifadə etməklə bərabər, işgüzar yazışmalar edir, keçirilən beynəlxalq konfrans, treninq, seminar və vebinarlara sıxılıb-çəkinmədən qatılır, çıxış və təqdimatlar edir, üzbəüz və onlayn diskussiyalarda fəallıq göstərirlər. Ölkəmizin müstəqillik əldə etməsi, iqtisadiyyatımızın sürətli inkişafı və müasir informasiya-kommunikasiya texnologiyalarının da həyatın bütün sahələrinə nüfuz etməsi ilə hər bir işgüzar Azərbaycan vətəndaşı üçün belə imkanlar yaranıb. Odur ki, gələcəkdə işgüzar ingilis dilinə sahib olan mütəxəssis yetişdirilməsi bütün dünyada olduğu kimi, ölkə­mizdə də bir zərurətə çevrilib. 

Bir dil bir insandır, – deyiblər. Buna görə də təhsil pillələrində yetişən hər bir gəncin gələcəkdəki potensialı onun ana dilindən başqa neçə dilə sahib olması ilə də ölçülür. Təsadüfi deyil ki, magistratura və doktorantura pillələrində dərəcə ala bilmək üçün xarici dildən keçmək mütləq mərhələ kimi qarşıya qoyulub. Bu mənada, İngiliscə iqtisadiyyat ixtisasını seçən gənclər üçün həyəcanlı məqamlardan biri onların orta məktəbdə qazandıqları leksik və qrammatik biliklərini tətbiqi olaraq zənginləşdirmək, dünyada baş verən mürəkkəb iqtisadi proseslərə birbaşa çıxış pəncərəsi əldə etmək şansıdır. Sirr deyil ki, bu gün ölkəmiz regional layihələrə liderlik edib, xarici iqtisadi əlaqələrdə ciddi tərəfdaş kimi öz mövqeyini möhkəmləndirdikcə bu işlərin öhdəsindən gələ biləcək müxtəlif kadrlara da ehtiyac yaranır. Muxtar respublikamızda elan olunmuş “İxrac ili”nin qazandırdığı təcrübə də onu deməyə imkan verir ki, bu gün qlobal miqyasda bazar konyunkturası real təhlil olunub, düzgün qərar verildikdə Naxçıvan məhsullarının dünyanın müxtəlif ölkələrə ixrac edilməsi imkanları da artır. Eləcə də əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, Naxçıvana səyahətə gəlmək istəyən əcnəbi turistlərin sayının qat-qat artırılması üçün bu sahədəki iqtisadçı mütəxəssislərin də işgüzar ingiliscəyə sahib olması mütləqdir.
İşgüzar ingiliscə tələbələrdə, sadəcə, kommunikasiya bacarığı yaratmır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi subyektlərin uğur qazanması üçün onların sahib olduqları insan resurslarının daimi olaraq özünü təkmilləşdirməsi və əldə olunmuş bacarıqlara əsaslanaraq tərəfdaşlarla sərfəli biznes sövdələşmələrinin aparılması tələb olunan zəruri şərtlərdəndir. Belə şərtlər, xüsusən müasir marketoloq, sığorta agenti, kredit mütəxəssisi, satış meneceri, turoperator, proqramçı, dizayner və digər cəlbedici ixtisaslar qarşısında daha çox ortaya qoyulur ki, bunlara sahib olmaqla, yüksək ödənişlə iş tapmaq və daha yaxşı karyera qurmaq müasir gənclərin xəyallarını həmişə məşğul edir. Xüsusən təmsil etdiyi şirkətin vacib işləri üçün xarici ölkələrə işgüzar səfərlərə yollanmaq, buradakı tədbirlərdə fəal iştirak etmək və etimadı doğrultmaq gənclər üçün həm dünyagörüşünü artırmaq, həm də karyera pillələrində daha inamla irəliləmək kimi çox cazibədardır.
Nəhayət, ingiliscə iqtisadiyyat təhsili ilə məşğul olmaq tələbələrimiz qədər bu ixtisas üzrə mühazirə və seminar məşğələləri aparacaq müəllimlər üçün də yeni həyəcandır. Qərb ölkə­lərinin aparıcı universitetləri ilə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə ikili diplom məsələləri istiqamətində əməkdaşlıq perspektivində yeni açılan İngiliscə iqtisadiyyat ixtisası daha fərqli bir akademik təcrübə şansıdır. İnanırıq ki, muxtar respublikamızın ali təhsil ocaqlarında bu sahədə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ biləcək, xüsusən gənc­lərdən ibarət olan kadrlar onlara həvalə olunmuş tapşırıqlara məsuliyyətlə yanaşaraq təhsilimizə yeni uğur qazandıracaqlar.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR