22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Dünən yarmarkanın açılışı olub.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil sahəsi də Ali Məclis Sədrinin hərtərəfli qayğısı ilə əhatə edilib. Mərkəzi bazarda keçirilən növbəti məktəbli yarmarkası da yüksək səviyyədə təşkil olunub. Yarmarkanın keçirilməsində məqsəd valideynlərin eyni ünvandan öz övladları üçün bütün lazımi məktəbli ləvazimatlarını əldə edə bilməsidir. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında vurğulayıb ki, son illərdə muxtar respublikanın bütün rayon və kəndlərində müəllim və şagirdlərin vahid geyim forması ilə təminatının daha da yaxşılaşdırılması daim diqqətdə saxlanılıb, geyim formalarının qiymət keyfiyyətinə nəzarət artırılıb. Yeni tədris ilinə hazırlıqla əlaqədar istehsal müəssisələrinin anbarlarında 8180 dəst məktəbli geyim forması ehtiyatı mövcuddur. Təhsil müəssisələrindən daxil olan sifarişlər nəzərə alınmaqla vahid geyim formalarının tikilişi davam etdirilir. Hazırda Naxçıvanda müəllim və şagirdlərin vahid geyim formalarına olan tələbatını ödəmək imkanına malik yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Bu gün 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, ayaqqabı və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Muxtar respublikada təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, müasir tədris şəraitinin yaradılması üçün atılan bütün addımlar şagirdlərin yüksək səviyyəli təhsil almasına geniş imkanlar açır. Bildirilib ki, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur.

Nazir qeyd edib ki, muxtar respublika rəhbərinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında təşkil olunur və sentyabrın 14-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR