Naxçıvanda gənc nəslin hərtərəfli yetişməsi, gələcəyin istedadlı və peşəkar mütəxəssisi kimi formalaşması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. İstər orta məktəb, istərsə də ali təhsil müəssisələrində gənclərin müxtəlif layihələrə, təcrübi tədbirlərə cəlb edilməsi də bu baxımdan atılan mühüm addımlardır. Muxtar respublikamızın elm məbədi olan AMEA Naxçıvan Bölməsində də bu istiqamətdə əhəmiyyətli işlər görülür. Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mətbuat xidmətinin mütəxəssisi Türkanə Bəylərli ilə söhbətimiz də məhz bu yöndə oldu. Öyrəndik ki, bölmənin həyata keçirdiyi mühüm tədbirlər sırasında nümunəvi dərslər xüsusi əhəmiyyəti ilə seçilir.
Məhz “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Sərəncama əsasən bölmənin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələrin güclənməsi fənlərin tədrisində mütərəqqi metodların tətbiqinə şərait yaradır. Söhbət zamanı aydın oldu ki, ötən tədris illərində bölmənin elmi dərəcəli əməkdaşlarından 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 55 fəlsəfə dоktоrunun iştirakı ilə orta məktəblərdə ayda bir dəfə olmaqla, nümunəvi dərs keçilib.
Qeyd edək ki, gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsində informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi mühüm amildir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. Həyata keçirilən tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elektron təhsilin təşkili sahəsində yeni bir layihəyə start verilib. Həmsöhbətim Naxçıvan Bölməsinin bu sahədə gördüyü işlərdən də danışdı. Dedi ki, ölkə təhsilində ilk dəfə olaraq 2016-cı ildə “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində bölmə ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında “Azərbaycanda xanlıqların yaranması: Naxçıvan xanlığı”, “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki rolu”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi”, “Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının florasının nadir növləri və onların mühafizəsi” və digər mövzularda açıq dərslər keçilib. Əyaniliyin təmin olunması məqsədilə açıq dərslər məktəbdənkənar elmi və mədəni müəssisələrdə də təşkil edilib, bölmə əməkdaşlarının Heydər Əliyev Muzeyində, Dövlət Bayrağı Muzeyində və Naxçıvanşünaslıq Mərkəzində açıq dərsləri dinlənilib. Tarixi günlər və əlamətdar hadisələrlə əlaqədar təşkil edilən tədbirlərdə alimlər müvafiq mövzularla məktəblilər qarşısında çıxış ediblər.
Həmsöhbətim onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar bölmənin Rəyasət Heyəti Ekspert qrupu yaradıb. Naxçıvan Dövlət Universitetinin Tarix, Fizika, Biologiya, Tərcümə (Ərəb-Azərbaycan) və Tərcümə (Fars-Azərbaycan) ixtisasları üzrə təhsil alan tələbələri bölmənin müvafiq elmi-tədqiqat müəssisələrində hamiliyə götürülüb. Bölmə tərəfindən ötən tədris ilində tələbələrin iştirakı ilə müxtəlif mövzularda diskussiyalar təşkil edilib, praktik məşğələlər aparılıb, tədqiqatların metodologiyası öyrədilib, seminarlar, açıq dərslər, müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda məşğələlər keçirilib. Tələbələr bölmənin fəaliyyəti və burada elmi-tədqiqat institutlarının iş prinsipi ilə yaxından tanış olublar. Bununla yanaşı, tələbələrin iştirakı ilə “Tarixi abidələrimizi tanıyaq və tanıdaq”, “Əlyazmalarda Naxçıvan”, “Tədqiqatdan tətbiqə” layihələri çərçivəsində “Azərbaycan tarixşünaslığında arxeologiya elminin yeri”, “Naxçıvanın Eneolit mədəniyyəti”, “Naxçıvan abidələrində yaşayan qədim tariximiz”, “Naxçıvan abidələrinin öyrənilməsi və qorunması sahəsində əldə edilən nailiyyətlər”, “Naxçıvan Tunc dövründə”, “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan ərazilərinin nadir bitki və heyvanları” və digər mövzularda açıq dərslər, elmi-praktik seminarlar təşkil olunub. Eyni zamanda elmi-nəzəri biliklərin əyani şəkildə möhkəmləndirilməsi istiqamətində tələbələr bölmənin arxeoloji ekspedisiyasının işi ilə yaxından tanış edilib. Həmçinin bölmənin nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Muzeyində gənclərə Naxçıvanın qədim və zəngin tarixini əks etdirən, 2006-2019-cu illərdə regionun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələri haqqında məlumat verilib. Muzeyin sərgi salonunda nümayiş etdirilən, Neolit dövründən başlayaraq son orta əsrlər dövrünədək xronoloji ardıcıllıqla sıralanan eksponatlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin muzeyə bağışladığı bu diyarın 90 illik yubileyi münasibətilə təsis olunmuş medallar haqqında verilən məlumatlar da gənclərin diqqətini cəlb edib.
Müsahibimiz söhbət zamanı dedi ki, tələbələrin Batabat Astrofizika Rəsədxanasının Batabat stansiyasına ekskursiyaları da ötən tədris ilinin yaddaqalan tədris proseslərindən biri olub. Ekskursiya iştirakçıları burada yaradılan iş şəraiti tanış olublar. Eyni zamanda bölmənin nəzdində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi – Nəbatat bağında, bölmənin Bioresurslar İnstitutunun nəzdində yaradılan Təbiət muzeyində müxtəlif mövzularda tədbirlər keçirilib. Nəticədə, tələbələr ərazinin zəngin fauna və florası ilə yaxından tanış edilib, onlara zəngin təbii sərvətlərimizin qorunması, ekologiyaya aid botaniki bilik və tövsiyələr verilib.
Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən 2019-cu ildən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də gələcəyin mütəxəssislərinin yetişdirilməsi baxımından nümunəvi addımdır. Həmsöhbətim bununla bağlı məlumat verərək bildirdi ki, həmin layihə çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində təhsil alan və elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən Azərbaycan dili, tarix, fizika, kimya və biologiya fənləri üzrə fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Ötən dövrdə “Ümummilli lider Heydər Əliyev və ana dilinin inkişafı məsələləri”, “Naxçıvanın dünya əhəmiyyətli abidələri”, “İbtidai sinif dərsliklərində yer alan folklor nümunələrinin şagirdlərin zehni inkişafına təsiri”, “Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri”, “Naxçıvanın mineral xammalından səmərəli istifadə və onun praktik əhəmiyyəti: Qeyri-üzvi birləşmələrin alınması” və digər mövzularda tədqiqat işləri aparılıb. Tədqiqatların nəticəsi olaraq cari ildə müxtəlif layihələrdə uğurlu nəticələr əldə edilib, diplom və medallar qazanılıb. Belə ki, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Zahidə Allahverdiyeva “Erudit” onlayn olimpiadada 1-ci yerə çıxaraq qızıl medala, “Zamanın biliyi” beynəlxalq kimya müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülüb. Həmçinin Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədova “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” layihəsi Moskvada keçirilən VIII Beynəlxalq “Elmə start” elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində 3-cü yerə çıxıb, “Erudit” onlayn kimya olimpiadasında 2-ci yerə layiq görülərək gümüş medal qazanıb. Fizzə Məmmədova isə tələbələrin tədqiqat və yaradıcılıq fəaliyyətinin təşkili və aparılması sahəsində peşə fəaliyyətinin nəticələrini tətbiq etmələrinə kömək etdiyinə görə “Yenilikçi pedaqoji işi” sertifikatı ilə təltif edilib. Həmin institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun rəhbərlik etdiyi 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi İnci Nəsirlinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı layihəsinin nəticələri Rusiya Federasiyasının Penza şəhərində “Elm və təhsil beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında I dərəcəli diplom və sertifikatla təltif olunub. Sözügedən məqalə konfransın materiallarında dərc edilib. Layihə rəhbəri Qorxmaz Hüseynov I dərəcəli diplom və sertifikatla təltif olunub.
Öyrəndik ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın rəhbərliyi ilə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri, Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi isə Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi-tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb. Layihə rəhbəri isə Rusiya Təbiətşünaslıq Akademiyasının Beynəlxalq Tədqiqatçı, Müəllim və Mütəxəssislər Assosiasiyası tərəfindən pedaqoji sahədə innovativ tədqiqatların aparılmasındakı uğurlu fəaliyyətinə görə “Şəhadətnamə” ilə təltif edilib. Biоresurslar İnstitutunun gənc əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın rəhbərliyi ilə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdləri Bəxtiyar İsmayılov və Fatimə İsmayılova “Yabanı tərəvəz bitkiləri ən təmiz ekoloji məhsul” adlı layihə ilə Bakı şəhərində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak edib və sertifikata layiq görülüb. Əfruz Nəsirova səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunub.
Muxtar respublikamızda elm, təhsil sahəsində görülən işlər məzmun etibarilə çoxşaxəlidir. Qeyd etdiyimiz kimi, son bir il ərzində həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına cavab verən xeyli maraqlı işlərin görülməsi, elm, təhsil istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi bu sahənin ildən-ilə daha da inkişaf edəcəyini deməyə əsas verir. Göründüyü kimi, AMEA Naxçıvan Bölməsi muxtar respublikanın təhsil müəssisələri ilə mövcud olan əlaqələrin davamlı inkişafını diqqətdə saxlayır. Bölmə kollektivinin şagird və tələbələri ilə birgə mühüm əhəmiyyətə malik olan müvafiq layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər hazırda da davam etdirilir. Belə tədbirlərin reallaşması etibarlı gələcəyimizə zəmanət verir. Bu isə belə deməyə əsas verir ki, istedadlı gənc mütəxəssislər yetişdikcə elmimiz, ayrı-ayrı sahələrimiz də davamlı inkişaf yolunda olacaqdır. Bu yola işıqsaçan ziyalılarımıza və onların gələcək davamçılarına uğurlar diləyir, daha böyük nailiyyətlər arzulayırıq
- Gülcamal TAHİROVA