Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Biriliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Salam, Sergey Yesenin!” və “Nikolay Qavriloviç Çernışevski: “Nə etməli?” adlı iki kitabı nəşr olunub.
“Salam, Sergey Yesenin!” kitabında şairin həyat və yaradıcılığının maraqlı, eyni zamanda, indiyədək Azərbaycan oxucularına məlum olmayan məqamları əksini tapıb.
Qeyd edək ki, bu ilin oktyabrın 3-də yaradıcılığının ən məhsuldar dövrünü Bakıda yaşamış görkəmli rus lirik şairi Sergey Aleksandroviç Yeseninin anadan olmasının 125 illiyi dünyanın bir çox ölkələrində qeyd olunacaq. Azərbaycanı, Bakını sonsuz bir məhəbbətlə sevən və bu duyğularını əsərlərində dönə-dönə vəsf edən Yesenin, xalqımızın da qəlbində əbədi olaraq yaşayır. Şairin əsərləri bu gün də sevilə-sevilə oxunmaqdadır. Bakıdan yola düşərkən arxaya boylana-boylana qəmgin və kövrək pıçıltı ilə “Əlvida, Bakı!” deyən Yeseninin yubileyi ərəfəsində müəllif Reyhan Mirzəzadə öz kitabında yenidən şairi salamlayır.
Reyhan Mirzəzadənin “Nikolay Qavriloviç Çernışevski: “Nə etməli?” kitabında görkəmli rus inqilabçı-demokratı, mütəfəkkiri, filosofu, yazıçı-publisisti, iqtisadçısı Nikolay Qavriloviç Çernışevskinin kəşməkəşli, mübarizə dolu həyatı, bu həyatın sərt və acı sınaqlarına mərdliklə sinə gərməsi, “Nə etməli?” və digər əsərləri ilə dünya ədəbiyyatında parlaq iz qoyması barədə bəhs olunur. Kitabda, həmçinin Çernışevskinin Azərbaycanın şifahi xalq ədəbiyyatına yuksək dəyər verməsi, xalqımızın milli–mənəvi sərvəti olan “Koroğlu” dastanı barədə genişhəcmli resenziya müəllifi olması və digər əhəmiyyətli məsələlər barədə də məlumat verilir.