Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna başlanılıb. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Statistik təhlil” mövzusuna həsr olunan təlim kursunu giriş sözü ilə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov açaraq universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, muxtar respublikanın bütün dövlət strukturlarının əməkdaşlarının, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrinin iştirak etdiyi bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxışında belə təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına verdiyi töhfədən bəhs edib, beynəlxalq ekspertlərin təcrübələrinin öyrənilməsi və tətbiqinin zəruriliyindən danışıb.
Ekspert təlimçi, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Elçin Rəşidov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, ekonometika və maliyyə fənləri üzrə təlimçi Ziya Əlili bu sahədəki dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat verərək bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd geniş istifadə olunan statistik metod və üsullar barədə dinləyicilərə məlumat verməkdən, həmçinin statistik təhlilin ən faydalı şəkildə tətbiq olunduğu halların müəyyən olunmasından ibarətdir. Qeyd olunub ki, təlim kursu sayəsində statistik təhlilin istifadəsi üzrə potensial güclənəcək, ekspertlərlə bərabər, müəllim və tələbələr də yeni metodologiya və materiallardan faydalanacaqlar ki, bu da həm layihənin davamlılığını təmin edəcək, həm də təsir dairəsini yeni miqyasda genişləndirəcək.
10 gün davam edəcək təlim kursunun iştirakçılarına sonda sertifikatlar veriləcək.
Xəbərlər şöbəsi