Günlərdir, içimdə bir ağırlıq var. Çünki dəyərli, əvəzolunmaz, dünyalar qədər hörmət bəslədiyimiz, elm yolunda idealımız olan Hüseyn müəllimin gözlənilməz, vaxtsız ölümü hamımızı, Naxçıvan ictimaiyyətini, Elmlər Akademiyasının əməkdaşlarını, Universitet kollektivini, tələbələri, bir sözlə onu tanıyanları, hətta tanımayanları da dərindən sarsıtdı. Hüseyn Həşimlini itirdiyimiz gündən bəri sosial şəbəkələrdə, qəzetlərdə paylaşılan, yazılan fikirləri, xatirələri, oxuduqca hər gün bir daha Hüseyn Həşimli yoxluğunun acısını yaşayır, hələ də onun əbədi olaraq bizləri tərk etməsinə inana bilmirəm. Bu müddət ərzində sevimli müəllimim haqqında statuslar, fikirlər bölüşür, hətta birlikdə uzun illər çalışdığımız əməkdaşlarla saatlarla qəhər boğa-boğa onun haqqında artıq çox keçmişdə qalan xatirələri bölüşürük. Amma nə qədər yazsaq, nə qədər danışsaq da ürəyimizdəki ağrı, içimizdəki acı azalmaq bilmir. Hətta tam əksi....
Hüseyn Həşimli 55 illik şərəfli bir ömür yaşasa da, ömrünü necə deyərlər, yarı yolda qoyub, hamımızı tərk etdi. Heç gözləmədiyimiz, ağılımızın ucundan belə keçməyən bu itki o qədər qəfil, o qədər inanılmaz oldu ki... O müdhiş xəbəri eşitdiyim gün saatlarla kiminsə bu xəbəri yalanlamasını gözlədim. Amma hər keçən an, hər keçən dəqiqə sosial şəbəkələrdə, durumlarda ustadın vəfatı ilə bağlı saysız başsağlıqları, kədərli fikirlər paylaşıldıqca ümidlərim puç oldu . Bu günədək yaxınlarımdan, qohumlardan, tanınmış insanlardan bir çoxunun ölümü ilə rastlaşmışdım. Lakin ilk dəfə ölən biri üçün bu qədər insanın içdən, qəlbən, səmimi narahat olduğunu, göz yaşları tökdüyünü, heyfsləndiyini, matəmə qərq olduğunu gördüm. Sadəcə iş yoldaşı və müəllimimi itirmiş biri kimi mənə də Azərbaycanın müxtəlif yerlərindən olan onlarla tanışım başsağlığı verir, bu itkiyə heyfsilənirdilər...
Hər gün yüzlərlə, hətta minlərlə insan bu dünyadan köçür. Uşaq, cavan, qoca, fəhlə, həkim, tələbə, alim və s. Və təbii ki, bu itkilərə onların ailəsi, yaxınları üzülür. Hüseyn Həşimlinin ölümü isə deyərdim ki, bütün Naxçıvanı, Azərbaycanı, hətta onun elmi fəaliyyətini izləyən qardaş ölkələrin bir çox ziyalısını üzdü, ağlatdı, matəmə boğdu. Təkcə övladları İlkay və Turqay yox, mənəvi atalıq etdiyi, onu sevən və pərəstiş edən sevimli tələbələri də ağladı bu qəfil, ağır itkiyə. Sanki tökülən göz yaşları onun müqəddəsliyinə, ülviliyinə ağı dedi.
Bu nur üzlü, heç vaxt kimsələrə pislik etməyən, səmimi, əsl insani keyfiyyətlərə malik, sözün əsl mənasında böyük şəxsiyyətin ölümünü qəbul etmək çox çətin oldu. Dünyanın, həyatın vəfasız olduğunu bir daha anladım. Ustadım bu dünyadan 55 yaşına 2 ay qalmış köçdü. Onun ölümünə təkcə bu yaşda getdiyi üçün deyil, ülvi, pak insani keyfiyyətlərə, yüksək intellektə, fitri istedada, dərin biliyə, nurlu zəkaya malik olması, ədəbiyyatşünaslıq elminin dühası, Naxçıvan ədəbi mühitinin ən parlaq nümayəndəsi olduğu üçün də üzülürdüm.
Kiçikdən böyüyə, həm onu yaxından və uzaqdan tanıyanlar, həm də həyatı boyu heç rastlaşmadığı, sadəcə qiyabi olaraq tanıyanlar belə yasa boğuldu. Son zamanlarda yeri gəldi gəlmədi "analoqu olmayan", "fenomen" kimi sözlər işlədirik. Lakin Hüseyn Həşimli sözün əsl mənasında fenomen, arxasından bu qədər insanı ağladan, qəmə batıran, analoqu olmayan şəxsiyyət idi.
1994-cü ildə ədəbiyyat ixtisasına qəbul oldum. Əslində humanitar elmlərə, xüsusilə ədəbiyyata bir oqədər də marağım yox idi. Fikirləşirdim ki, illəri boşa verib ədəbiyyat ixtisasını bitirməyə dəyməz. Axı, ədəbiyyatda öyrənməli nə var ki? Və çox həvəssiz, arzulamadığım halda qəbul olduğum ədəbiyyat ixtisasında ilk müəllimim Hüseyn Həşimli oldu. Hüseyn müəllim ədəbiyyatı bizə həm sevdirdi, həm də bir elm kimi dəyərini, dərinliyini anlatdı. Hüseyn Həşimli bizə ədəbiyyatın nəzəriyyəsini, ədəbiyyatşünaslığı öyrənməyin vacibliyini və bu elmin heç də dəqiq elmlərdən asan olmadığını başa saldı. Elə bir tələbə tapılmazdı ki, Hüseyn Həşimlinin yüksək elmi səviyyədə apardığı mühazirəsi ona maraqsız gəlsin. Hətta dərslərə etinasız yanaşan, fənlərin tədrisinə həvəssiz yanaşan tələbə belə Hüseyn müəllimin mühazirə saatını səbirsizliklə gözləyər, onu diqqətlə dinləyərdi. Çünki Hüseyn müəllim sözün əsl mənasında müəllim, pedaqoq idi. Onun gözəl nitqini dinləməmək qeyri mümkün idi. Bəhs etdiyi yerli və ya xarici klassiklərin, şairlərin qəzəllərini, poemalarını, şeirlərini o qədər gözəl qiraət edirdi ki, 90 dəqiqəlik mühazirənin nə zaman bitdiyini, zəngin vurulduğunu belə hiss etmirdik. Bir çox halda tənəffüslərdə belə Hüseyn müəllimdən əl çəkmir, suallar verir, dərin izahlı cavablarını dinləyirdik. İllər sonra Hüseyn müəllimlə birlikdə çalışanda belə hansısa iclas və ya konfransda Hüseyn müəllimin çıxış edəcəyini biləndə bütün işlərimi yarımçıq qoyub orada iştirak etməyə çalışırdım. Hərdən söhbətləşəndə Hüseyn müəllimə deyirdim ki, icazə verin mühazirələrinizdə iştirak edim, sizi yenidən dinləyim. Sizdən öyrənməli o qədər şey var ki.....
İnsanlar adətən sevdiyi birini, əzizini, yaxınını itirdikən sonra dönüb keçmişdən bu günə yenidən baxır və o qədər peşimançılıq hissləri yaşadığı, o qədər kaş ki... dedikləri olur ki....
Bu gün mənim də Hüseyn müəllim üçün kaş ki, dediyim peşimançılıqlar var...Kaş ki, bütün işlərimi atıb Hüseyn müəllimin dərslərində yenidən iştirak edərdim. Kaş ki, vaxtında ustada daha çox suallar verib, cavab alardım, kaş ki, hər gün 4 mərtəbəni qalxıb kafedrada ustadımı salamlayardım. Kaş ki......
Savadlı, hörmətli ziyalılarımız, müəllimlərimiz çoxdur. Amma kimsə inciməsin, Hüseyn Həşimli qədər tələbələrinin qəlbində daima yaşayacaq, elm sahəsində qərinələr sonra anılacaq, istedadına həsəd aparılacaq belə bir şəxsiyyətə rastlamaq bir də çətin ki, bizlərə qismət ola. Axı Hüseyn müəllim ölməzliyi, böyüklüyü ilə yanaşı, həm də sadəliyi ilə sevənlərinin qəlbində özünə əbədi yer qazanmışdı. Hüseyn Həşimli heç bir tərifə, müqayisəyə ehtiyacı olmayan, xırdalanmayan bir şəxsiyyət idi. Onun həyatda öz mövqeyi, öz çəkisi vardı.
Müəllim adının ucalığını, müqəddəsliyini qorumaq hər kəsə qismət olmur. Ensklopedik biliyə malik professor Hüseyn Həşimli öz əməli, nəcibliyi, mənəvi zənginliyi, saflığı və digər yüksək məziyyətləri ilə bu ucalığı layiqincə qorudu. O, neçə-neçə müəllimlər nəslinin, minlərlə tələbənin qəlbinə xeyirxahlıq toxumu səpib getdi bu dünyadan.
Hüseyn Həşimlinin qiymətini, dəyərini ifadə etməyə kəlimələr yetmir. O qədər möhtəşəm, o qədər əfəndi, o qədər səviyyəli bir ziyalı idi ki... Dərs dediyi minlərlə tələbənin içindən bir nəfər olsun belə onu sevməyən, ona dərin hörmət bəsləməyən biri ilə rastlaşmaq qeyri-mümkündür. Özüm də daxil, tələbələrinə idealınız kimdir sualı verildikdə, böyük əksəriyyətinin bir tək cavabı olub-Hüseyn Həşimli.
Nə qədər yazsaq, nə qədər danışsaq da Hüseyn Həşimli şəxsiyyətinin ucalığını vəsf etməyə yetməz. Onun mənalı ömür yolunu, elmi fəaliyyətini qələmə almaq bu yazının imkanı xaricindədir. Müəllimlik peşəsinin ecazkar aləmində, filologiya elmi ümmanında özünəməxsus şərəfli bir ad qoyub getdi Naxçıvan ədəbi mühitinin arxalandığı və çox böyük ümidlər bəslədiyi professor Hüseyn Həşimli.
Hər həftənin cümə günü ustadın qəbrini ziyarət edirəm. Onunla söhbət edirəm, amma təəssüf ki, həmişə istənilən suallarıma asta, rəvan, ətraflı, həvəslə cavab verən Hüseyn müəllim, artıq bütün suallarımı cavabsız qoyur...Mənsə sadəcə ustadın ruhuna dua edib, tanrıdan ona rəhmət diləyə bilirəm.
Bu yoxluq hələ bundan sonar da neçə-neçə qəlbləri göynədəcək. Bu itki həm də elmimizdə olan bir boşluqdur. Bu boşluğu doldurmaq çox çətin, bəlkə də mümükünsüz olacaq. Ancaq yenə də bir tək şey ovundurur bizi- Hüseyn müəllim əməlləriylə, cəmiyyətə yetişdirdiyi yüzlərlə savadlı gənciylə, elm yolundakı dəyərli xidmətləri ilə daima yaddaşlarda yaşayacaq, gələcək nəsillər ustadın mənalı ömrü kimi yarımçıq qalmış elmi irsindən bəhrələnəcəklər.
Ömür vəfa etsəydi, bu gün Azərbaycan ədəbi ictimaiyyəti, görkəmli alim, nəcib insan, böyük şəxsiyyətin 55 yaşını qeyd edəcəkdi. Təəssüf ki, Hüseyn Həşimlinin ailəsi, onu sevənlər bu yubileyi onsuz keçirəcəklər.
Məhəmməd peyğəmbər deyirdi ki, elmlə məşğul olan, öyrənən və elmi başqalarına öyrədən mərhəmətli alim, bilikli insan, daima parlayan, nuru aləmə işıq saçan ulduza bənzəyir. Ən böyük, ən şərəfli, ən ləyaqətli adam elmi ilıə əməli tam vəhdət təşkil edən alimdir. Hüseyn Həşimli bu kəlamın şamil edildiyi biliyi ilə ətrafını aydınlatan, cəmiyyətə, hətta bütün kainata işıq saçan, daima parlayan, sönməz ulduzdur.
Mələk simalı əsl ziyalı, Siz əbədi olaraq var olacaqsız.
Ruhunuz şad, məkanınız cənnət olsun, nur üzlü, əbədi yaşar müəllimim.
Şəhla ŞİRƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika
ve kitabxanaçılıq kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent