Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi və AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşlarının iştirakı ilə “Qədim Duzdağ” mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev qeyd edib ki, Naxçıvan Duzdağında aparılan tədqiqatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən abidələrimizin tədqiqinə göstərilən qayğı ilə bağlıdır. O bildirib ki, Qafqazda duzla bağlı araşdırmalar başlanğıc mərhələsindədir. Regionun bütün ərazisində duza rastlanması maraqlı faktlardan biridir.
Duzdağ Naxçıvan şəhərinin 10 kilometrliyində, Təbrizi İstanbulla birləşdirən əvvəlki Böyük İpək yolu üzərində yerləşir. Araz vadisindən hündürdə yerləşən təpəşəkilli yataq Naxçıvanın təbii təsvirinin məşhur görüntülərindəndir. Bu ərazinin Cənubi Qafqazın əsas strateji marşrutları üzərində yerləşdiyini nəzərə alaraq demək olar ki, onun zəngin duz layları qədim dövrdən diqqəti cəlb etmişdir.
Diqqətə çatdırılıb ki , Duzdağ yatağı indi də istismar edilməkdədir. Mədəndə işləyən mühəndislərin fikrinə görə, duz yatağının uzunluğu 3 km, eni 2 km, qalınlığı 150 m-dir. Ötən əsrin 70-ci illərində mədənin cənub tərəfində iş aparılarkən şaxtaçılar qədim tunelə daxil olmuş, burada alətləri ilə birlikdə dörd insan skeleti aşkar etmişlər. Skeletlər onlara məxsus olan daş alətlərə əsasən e.ə. III-II minilliklərə aid edilmişdir. Bu alətlər I Kültəpə və II Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə bənzərdir.
Duzdağda aparılan araşdırmalar tarixəqədərki cəmiyyətlərin Naxçıvanın təbii sərvətlərinin istismarı, yaşayış yerlərinin tipləri və onların konkret bir ərazidə inkişaf dinamikasını müəyyən etmək üçün başlanan irihəcmli layihənin tərkib hissəsidir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev çıxış edərək bildirib ki, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılmışdır.
Qeyd olunub ki, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Muzeyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqləndirən ən əsas amil də odur ki, bu mədəniyyət müəssisəsi sırf tarixi reallığa əsaslanır.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova folklorumuzda mövcud olan, duzun qeyri-adi qüvvəsini xarakterizə edən inanc, sınama növləri haqqında məlumat verib. İstər xalq inanc və sınamalarında, istər böyük həcmli folklor örnəklərində duz motivinin qorunub saxlandığını vurğulayan tədqiqatçı onların hər birinin xalq dünyagörüşündəki qədim etnik düşüncənin qalıqları kimi böyük əhəmiyyətindən danışıb.
Daha sonra Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov Duzdağ mövzusunda məruzə ilə çıxış ediblər.
Sonda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Duzdağda aparılan elmi tədqiqatlara göstərilən dövlət qayğısına və Naxçıvan Duz Muzeyinin yaradılmasına görə Naxçıvan MR Ali Məslisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.